22 Noyabr 2017
Çərşənbə

Cəfər Cabbarlının estetik - İDEALI

28.03.2016 12:41

Mənsub olduqları xalqın ədəbiyyat və mədəniyyət tarixində məktəb və mərhələ yaratmış böyük sənətkarların sənət konsepsiyası onların estetik idealarının açılışına xidmət edir. Yazıçının əsərlərinin ideya və məzmunu da, forma-janr xüsusiyyətləri də, fərdi üslubu da məhz onun gerçəkliyə hansı estetik ideal mövqeyindən yanaşması ilə təyin olunur. Müəllifin həyata münasibətinin tipindən – yəni bədii metoddan asılı olmayaraq estetik ideal sənətkarın ədəbi-tarixi mövqeyini əks etdirir. Bu baxımdan XX əsrin böyük dramaturqu C.Cabbarlının aydın estetik idealı təzahür formalarının müxtəlifliyi və mürəkkəbliyi ilə səciyyələnir. C.Cabbarlı yaradıcılığı bədii metodların əlvanlığı ilə bir estetik çələngə bənzəyir. Onun yaradıcılığında maarifçi realizm, tənqidi realizm, romantizm, sentimentalizm, sosialist realizmi bədii yaradıcılıq metodlarının əlamətləri, hətta sintezi var. Bu onun yazıb yaratdığı dövrün (1911-1934) ədəbi-tarixi prosesindən gəlirdi. Görkəmli nəzəriyyəçi və realizmşünas, AMEA-nın müxbir üzvü, professor Y.Qarayev yazırdı: “XX əsrin gərgin və mürəkkəb ədəbi mühitində heç bir saf metod, üslub və janr yoxdur. Metodların sürətli təşəkkülü, möhkəmlənməsi və bir-biri ilə qarşılıqlı əlaqəsi istiqamətində intensiv hərəkətlər ən çox bu dövrün ədəbiyyatında baş verir”. (“Realizm: sənət və həqiqət” 1980, s. 240). C.Cabbarlı XX əsrin önlərində sənətin maarifçilik xüsusiyyətinə üstünlük verirdi: “Mövzular bir fikrin təbliği üçün intixab olunmalı və ən böyük diqqət də təbliğat cəhətinə verilməlidir və ən gözəl əsər sənətdə böyük fikirlər ifadə edənlər, insanlığı tərbiyə məqsədi ilə yazılanlardır” (“Mənim tanrım-gözəllik. 2000, s. 204.) C.Cabbarlının “insanlığı tərbiyə məqsədi ilə yazılanlar” fikri onun müasiri, Amerika yazıçısı T.Drayzerin məşhur bir deyimini yada salır: “Bəşəriyyətin nadanlığı üçün mən özümü günahkar hesab edirəm”. Böyük ədəbiyyat həmişə maarifçilik missiyasına malikdir. Bir də axı unutmaq olmaz ki, C.Cabbarlı Azərbaycan maarifçi realizminin banisi, materialist filosof M.F.Axundzadənin ənənələrinin davamçısı idi. C.Cabbarlının şeirlərində həm maarifçilik həm də tənqidi realizm vardır. Məsələn, “Aydın” tənqidi realizm, “Oqtay Eloğlu” romantizm, “Solğun çiçəklər”, “Mənsur və Sitarə” sentimentalizm, “Sevil”, “Almaz” sosrealizm metodlarını əks etdirir. C.Cabbarlı yaradıcılığında metod mürəkkəbliyinin bir səbəbini də özünün “C.Cabbarlının yaradıcılıq təkamülü” monoqrafiyasında R.Əliyev belə izah edir: “C.Cabbarlı yaradıcılığında müxtəlif metod və üslub elementlərinin mövcudluğu çox mürəkkəb bir problemdir... Cabbarlının yaradıcılıq metodunun mürəkkəbliyi bizim ədəbi fikrin bəşəriyyətin bədii tərəqqəsinin, zirvələrinin, addımlarının nəticəsidir”. Bu sadə fikirdə C.Cabbarlı dühasının əzəməti, tarixi mənası əbədiləşib . “Mənim tanrım gözəllikdir, sevgidir!” – bu XX əsrin böyük romantik-filosof şairi H.Cavidin səsidir. “İndi artıq bir tanrım var – gözəllik! ” – bu misranın müəllifi isə C.Cabbarlıdır. Hər iki misra eyni estetik idealın poetik ifadəsi deyilmi?! Bu misraların timsalında heç romantik Cavidlə realist Cabbarlını bir-birindən ayırmaq belə mümkün deyil.

Estetik ideal sənətkar dünyagörüşünün bədii formalarda ifadəsidir. Sənətkarın həyata münasibəti zamanı oradan əxz etdiyi mənanın ən ali bədii formada ifadəsinə estetik ideal kimi baxmaq olar. Sənətin varlığa estetik münasibətinin xarakteri bütün dövrlərdə sənətin mahiyyətini, hətta onun forma və janrlarını müəyyən edən meyardır. Bu baxımdan C.Cabbarlının qəhrəmanları, onun estetik idealını çılpaq, tendensiyalı hətta deyərdik ki, revanşist bir  ehtirasla  bəyan edirdilər. Məsələn, Aydın Pirqulunun “Kimə qarşı üsyan?” sualına cavab olaraq deyir:

- Bütün bəşəriyyətə qarşı, bütün adətlərə, qanunlara qarşı. Bütün kainata, aya, günəşə, ulduzlara, hətta tanrının özünə, bu mənəvi jandarmaya qarşı üsyan qaldırmalıdır. Yer üzündə hakim, məhkum, zalım, məzlum kəlmələri durduqca bəşəriyyət bir gülər üz görə bilməz.” (Əsərləri. II c. s. 230) Bəs Aydının istəyi nə idi? “Mən elə bir dünya istəyirəm ki, orada millətlər azad, fərdlər azad, zəhmət azad, vicdan azad, hərəkət azad, bütün varlıq azad, istila zənciri yox, fərman yox, hər kəs öz zəhmətinin, öz arzusunun quludur” (II c. s. 234). Bu sözlər səhnədən ilk dəfə 1922-ci ildə səslənmişdir. Bir il sonra tamaşaya qoyulan “Oqtay Eloğlu” əsərində C.Cabbarlının estetik idealı bir az sərtləşir. Burada üsyan intiqamla əvəz olunur. Aydının individualizminə Oqtayın simasında həm də anarxizm əlavə olunur. Yaşar Qarayev “Faciə və qəhrəman” monoqrafiyasında yazırdı: “Aydın mənfi qəhrəmanı Altun olan bir əsərin müsbət qəhrəmanıdır”. Altun Gültəkini Aydının əlindən aldığı kimi, Firəngizi də Oqtayın əlindən alır.

Aslan Oqtaydan soruşur: “Siz kimdən intiqam alacaqsınız?” Oqtay: Kimdən? Özümdən, öz eşqimdən, öz taleyimdən, öz idealımdan, öz tanrımdan, həyatdan, mühitdən, gələcəkdən həqiqətin yoxluğundan” (II c. s. 266). Bəs Oqtay nə istəyir? O, ilk növbədə səfil, özü də adi bir səfil yox, “səfillər padşahı” olmaq istəyir. Əsərin sonunda C.Cabbarlının estetik idealı səhnənin üfüqündə dan ulduzu kimi parlayıb çıxır: “Elə bir, həyat qurulmalıdır ki, orada hər söz bir qanun, hər şey bir həqiqət olsun. Hər şey göründüyü kimi deyil, olduğu kimi görünsün... Bacarmırsan yaratma, yaradırsan yaşat! Mən dünyada ədalət divanı adında bir şey tanımıram. Hamısı yalandır. Yalan deyir Şiller! Mən yenə yalnız bu zavallı xalqı tanıyır, ona müraciət edirəm. Ona təslim oluram. Son söz onundur. Qoy o söyləsin: Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan... (s. 289). C.Cabbarlı 20-ci illərdə çox kəskin şəkildə ortaya çıxan xalq və fərd problemini xalqın xeyrinə həll edir, fərddən xalqa doğru gedir. Professor T.Əfəndiyev “Azərbaycan dramaturgiyasında metodlar” (2002) adlı fundamental monoqrafiyasında bu əsəri estetik ideal mövqeyindən təhlil edərək yazır: “Oqtay sənət fədaisidir. Müəllif onu iki bədii zamanda təqdim edir: həyatda və səhnədə! Lakin Oqtay üçün həyat səhnə naminə mövcud idi. Həyatda milli səhnə yaratmaq üçün yaşayan Oqtay milli həyatı səhnəyə gətirmək istəyir. O, insanları olduqları kimi görmək arzusundadır. O, görəndə ki, həyat özü bir səhnə, insanlar qrimlənməmiş aktyor, sərvət, altun isə amansız bir rejissordur, həyata da, səhnəyə də nifrət edib, anarxist bir etirazçıya, “səfillər padşahı”na çevrilir” (s. 430). Beləliklə, 20-ci illərin tarixi təbiətinə uyğun olaraq üsyan və intiqam səhnəyə gəlir və səbəb olaraq verilən cavabda C.Cabbarlının estetik idealı onun qəhrəmanlarının fəaliyyət mənbəyi kimi, ortaya çıxır.

C.Cabbarlı həyat yaratmaq üçün səhnə yaratmaq istəyirdi. Onun estetik idealı da məhz bu istəkdən, bu arzudan doğulurdu.

Bir daha yada salaq ki, C.Cabbarlı 20 ildə  20 dram əsəri, 5 kinossenari, iki libretto, 14 hekayə, poema, onlarla satirik və lirik şeir yazmış V.Şekspirin “Hamlet”, “Otello”, F.Şillerin “Qaraçılar”, Bomarşenin “Fiqaronun toyu”, Afineqsnovun “Qorxu”, Slavinin “İntervensiya” pyeslərini, Uellsin “Yeraltı dünya”, Tolstoyun “Uşaqlıq” povestlərini dilimizə tərcümə etmişdi. O, eyni zamanda tənqidçi və sənət nəzəriyyəçisi, teatr və  kino rejissoru idi.

1922-ci ildə “Cim” imzası ilə “Zəhmət” qəzetində silsilə tərzində çap olunmuş “Ədəbi mübahisələr”, 1924-cü ildə “C.Cabbarzadə” imzası ilə “Qızıl qələm”də çıxmış “Bizdə teatro”, “Azərbaycan türk ədəbiyyatının son vəziyyəti” (“Kommunist” 1924), “Türk teatr məktəbi” (1925) “Mirzə Fətəli Axundzadə” (1928), “Hara gedir Azərkino” (1930) kimi bu gün də qətiyyən öz əhəmiyyətini itirməmiş məqalələr C.Cabbarlının 20-30-cu illərin ədəbi döyüşlərində hansı mövqeyi tutduğunu, onun estetik idealını açan sənət konsepsiyasını əks etdirən əsərlərdir.

Tənqidçi Kazımoğlu (Seyid Hüseyn) ilə mübahisə təriqi ilə yazılmış “Ədəbi mübahisələr”, o dövrün ədəbi düşüncəsi və Hüseyn Cavid haqqında ilk böyük əsər hesab etmək olar. Burada 23 yaşlı məşhur dramaturqun estetik idealı və sənət baxışları geniş əksini tapır. C.Cabbarlı H.Cavid uğrunda mübarizəni həqiqi sənət uğrunda mübarizə kimi tamamlayır! “Caviddə su kimi duru almas kimi saf, parlaq və oynaq bir lisan vardır ki, bu islahına çalışan lisanımızın özülü ola biləcək zənnindəyik. Zatən bir millət üçün lisanı onun şairləri, ədibləri yaradırlar ki, Cavid də bu cəhətdən qiymətlidir...

Caviddə hər kəsi məftun və əsir edəcək bir qüvveyi-şeiriyyə vardır. Zatən əsərlərinin ən böyük gözəlliyi və qüvvəti də burasındadır... Caviddə bir də bir fəlsəfə vardır... (s. 167). Bu dəyərli əsərində H.Cavidi müxtəlif aspektlərdən tənqid də edir... Realist Cabbarlının romantik Cavidə münasibəti, xüsusilə XX əsrin 20-ci illəri kontekstində yanaşdıqda, heç də təəccüb doğurmamalıdır. Sırf kontekstoloji mahiyyətdə bir məsələni qeyd etməliyik ki, C.Cabbarlının istər M.F.Axundzadəyə, istər Mirzə Cəlilə, istərsə də H.Cavidə münasibəti öz tarixiliyini itirməsin: Azərbaycan dramaturgiyası XIX əsrin 1950-55-ci illərində böyük ədib filosof M.F.Axundzadə tərəfindən yaradıldı. Kiçik zaman fərqləri ilə bu yolun üç nəhəng davamçısı yarandı: N.B.Vəzirov, Ə.Haqverdiyev və C.Məmmədquluzadə, bunların ardınca iki böyük peşəkar gəldi: romantik H.Cavid və realist C.Cabbarlı! H.Cavid mənzum dramın əsasını qoydu. S.Vurğunun, M.İbrahimovun, S.Rəhmanın, B.Vahabzadənin, N.Xəzrinin, N.Həsənzadənin dəyərli əsərləri yarandı. Fəqət XX əsri peşəkar dramaturq kimi İlyas Əfəndiyev yekunlaşdırdı, yarım əsr Azərbaycan teatrını öz çiyinlərində apardı. Bu əslində H.Cavid və H.Cabbarlı ənənələrinin layiqli bədii tarixi davamı idi. Böyük şair S.Vurğun 1944-cü ildə yazıb: “Cabbarlı XIX və XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən nadir simalarından biridir. Cabbarlı öz yaradıcılığının vüsəti, sənət xəzinəsinin zənginliyi etibarilə Mirzə Fətəli Axundovdan və Cəlil Məmmədquluzadədən (Molla Nəsrəddin) sonra XX əsr ədəbiyyatının ən görkəmli simasıdır. Cabbarlı Azərbaycan klassik dramaturgiyası və klassik şeiri zəmanəsində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirmiş, yeni dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyətdir”.

C.Cabbarlının estetik idealı onun sənət konsepsiyasının əsasında dayanır. O, maarifçiliyə, romantizmə, sentimentalizmə, realizmə daxil olmur, bu sənət nəzəriyyələrinin platformasında öz fikirlərinin təsdiqini axtarırdı. O, sözün işığı ilə insan zəkasının içini nurlandırır, bəşəriyyətə yol göstərməyə can atırdı. Onun sənət konsepsiyasında milli teatr problemi önəmli yer tuturdu. 5 mart 1920-ci ildə “Abbasmirzə Şərifzadə” məqaləsində 21 yaşlı gənc C.Cabbarlı cəsarətlə yazırdı: “bizdə dram tamamilə ölmüş, xatirələrdən belə silinəcək bir dərəcədə süqut etmişdir”. O, bu problemi görüb cəsarətlə deməklə kifayətlənmədi. 1920 ildən 1934-cü ilə qədər 15 dram əsəri yazdı. Azərbaycan teatrını diriltdi, onu tənəzzüldən xilas etdi, Azərbaycan teatrında yeni C.Cabbarlı məktəbi yaratdı.

C.Cabbarlının teatra münasibəti konseptual xarakter daşıyırdı. O qısa müddət ərzində teatra “Aydın” (1922) və “Oqtay Eloğlu” (1923) kimi nəhəng əsərlər bəxş etdi. Bununla belə o, özünün “Bizdə teatro” (1924) məqaləsini yazaraq 20-ci illərin intensiv təkamülü kontekstində milli teatrın problemlərini gündəmə gətirdi. C.Cabbarlı burada teatrın zəif inkişafının dörd əsas səbəbi üzərində dayanır: zamanın ruhunu əks etdirən dram əsərləri azdır; yüksək sənət sevgisinə malik aktyorlar yoxdur; səhnəmizdə qadın aktyor yoxdur; səhnəmizdə rejissor yoxdur.

Beləliklə də demək olar ki, Azərbaycanda teatr sənəti yox vəziyyətdədir. C.Cabbarlının bu məqaləsinin nəzəri-tarixi əhəmiyyəti bundadır ki, o bu əsərində özünün AKTYOR haqqında görüşlərini şərh edir. Onun əsas müddəalarına nəzər salaq:

“Hər şeydən əvvək aktyor canlı bir ədəbiyyatdır. Böyük bir ədibin uyğusuz gecələr boyu çalışıb vücuda gətirdiyi bir əsəri, onun əvvəli kağızlar üzərində qaraladığı fikirləri, gülüşləri, göz yaşlarını aktyorlar alır və özündə canlandıraraq... bir ədəbiyyat olmuş olur. Və aktyor bir rəssamdır ki, özü öz əsəridir. Başqa sözlə söyləsək aktyor bir rəssamdır. Eyni zamanda aktyor canlı bir şəkildir... O bir şəkildir ki, özü öz yaradıcısıdır.

Aktyor bir heykəltəraşdır ki, yaratdığı heykəl yenə özüdür. Aktyor bir musiqiçidir. Eyni zamanda aktyor bir aləti-musiqidir. Daha doğrusu, aktyor bir musiqiçidir ki, çaldığı aləti musiqi yenə o özüdür”. (IV c. s. 181).

Göründüyü kimi, aktyor sənətinə xas başlıca xüsusiyyət onun sinkretizmi dəqiq cizgilərlə əyaniləşdirilir. Rejissorun da, dramaturqun da,  bəstəkarın da, rəssamın da gördüyü işlər aktyorun oyununda cəmlənir və faktiki olaraq onların taleyi son nəticədə aktyordan asılı olur. Səhnədə aktyor əsas fiqur hesab olunur.

C.Cabbarlının teatrın inkişafı üçün vacib saydığı ən ciddi problem – peşəkar rejissor problemi idi. Doğrudur teatr yarandığı zamandan – 1873-cü ildən etibarən teatr dramaturq rejissorlar – məsələn, Ə.Haqverdiyev, aktyor rejissorlar – məsələn, H.Ərəblinski, A.Şərifzadə və s. sayəsində bu problemi qismən də olsa həll edə bilirdi. 1923-cü ildə əsası qoyulmuş teatr texnikomuna ilk rejissor qəbulu 1930-cu ildə keçirilmiş, buranın məzunları A.İskəndərov, M.Məmmədov, T.Kazımov kimi peşəkar rejissorlar 30-cu illərin sonunda fəaliyyətə başladı, az sonra da araya müharibə düşdü... C.Cabbarlı 1925-ci ildə “Kommunist” qəzetində çap olunmuş “Türk teatr məktəbi” məqaləsində rejissor problemini “teatrın ölüm-dirim” məsələsi adlandıraraq yazırdı: “Bugünkü teatrımızın ölüm-dirim məsələlərindən biri də rejissor məsələsidir. Rejissor olmaq üçün təbii bir qədər sənətkar və olduqca bilikli və məlumatlı olmalıdır. Eyni zamanda, şübhəsiz hər bir xalqın səhnəsini idarə edəcək rejissor mükəmməl bir məlumatdan başqa bir də xidmət etdiyi sahənin, mənsub olduğu millətin adət və ənənatını bilmək, onun bütün masallarını, atalar sözlərini, dilini, danışığını, zərb-məsəllərinin xüsusiyyətini, bayramlarını, yaslarını, bunların səbəbini təyin etməyə çalışan və həm də bacaran bir adam olmalıdır. Çünki bu xüsusiyyətlər hər bir xalqın ədəbiyyatında qeyd edildiyi kimi, onun səhnəsində də əks ediləcəkdir” (IV c. s. 221).

C.Cabbarlının nəzəri görüşlərində qoyulan ciddi problemlərdən biri də dil problemi idi. Fikrimizcə həmin məsələ bu gün də - III minilliyin başlanğıcı üçün də aktualdır. Müəllim və aktyor üçün gözəl nitq, düzgün diksiya, səhnə danışığı mədəniyyəti son dərəcə vacibdir.

C.Cabbarlı “Türkoloji qurultay və sərf-nəhf məsələləri” (1926), “Tərcümə məsələlərinə əhəmiyyət verilməlidir” (1926) kimi məqalələrində dilimizin saflığını qorumağı yazıçı, aktyor və alimlərin tarixi vəzifəsi kimi müəyyənləşdirdi. Böyük ədib bu istiqamətdə əlyazması yarımçıq qalmış  “Dilin tarixi dirçəlişi” adlı ayrıca məqalə də yazmışdır.

Həmişə olduğu kimi XX əsrin 30-cu illərində də C.Cabbarlının nəhəng yaradıcılığına paxıllıq edən bir sıra istedadsız yazıçılar və RAPP-çılar C.Cabbarlıya hücumlar təşkil edir, onu teatrı inhisara almaqda ittiham edirlər. Böyük dramatuq “Dönüş” pyesində bu prosesi və belə adamların obrazlarını səhnəyə gətirir.

Buna baxmayaraq o teatrı tərk edib mədəniyyətimizin daha çətin bir sahəsinə Azərkinoya işə gedir. Onun 30-cu illərdə yazdığı “Hara gedir Azərkino” adlı olduqca sanballı və cəsarətli məqaləsi milli kino sənətimizin həm yaradıcılıq həm də texniki təkamülünə təkan verən əsər kimi sənət konsepsiyasında şərəfli yer tutur:

“Azərkino qədər Azərbaycanın fəhlə-kəndli kütlələrindən uzaq olan ikinci bir müəssisə yoxdur.. Azərkino rəhbəri kimə istəyirsə inanıb iş tapşırır, təki o azərbaycanlı – türk olmasın. Belə bir vəziyyətin nəticəsində Azərkino öz simasını tamamilə itirmişdir. On il ərzində o bircə nəfər belə türk operatoru yetişdirə bilməmişdir və indi yerli kadrları hər vəchlə uzaqlaşdıraraq öz işini bütünlüklə “dəvət olunmuş mütəxəssislərin üzərində qurur” (IV c. s. 254). Qeyd edək ki, bu zaman Azərkinoda işləyən 125 işçidən, cəmi 15-i türk idi ki, onlar da dülgər və kuryer idi. C.Cabbarlı qeyd edir ki, dəvət olunan mütəxəssislər əvvəla zəif idi, ikincisi də, tanımadıqları mühitdən baş çıxara bilmirdilər. Kadr problemini ciddi şəkildə qoyan C.Cabbarlı, ermənilərin və rusların əlində oyuncağa çevrilmiş Azərkinonu Azərbaycan mədəniyyətinə xidmətə çağırır, hətta hədələyici bir amirliklə məqaləni belə sona  çatdırırdı: “Bu dəfə bu onların özləri üçün pis qurtaracaq. Biz isə indi xəbərdarlıq edirik ki, bizim kino yanlış yol ilə məhvə doğru gedir” (s. 261).

Belə fikirlər ilk növbədə C.Cabbarlının vətəndaşlığından, ikincisi Azərbaycan mədəniyyətinə böyük məhəbbətindən və nəhayət milli təəssübkeşliyindən irəli gəlirdi. Qeyd etdiyimiz mülahizələr belə nəticəyə gəlməyə imkan verir ki, C.Cabbarlını sosrealizmin dar çərçivələrinə sığışdırmaq olmaz. O, Azərbaycan ədəbiyyatı və mədəniyyətini dünya mədəniyyətinin bədii zirvələrinə qaldırmaq üçün bir dramaturq, yazıçı, şair, rejissor, ssenarist, tərcüməçi kimi fədakarlıqla çalışan milli yazıçı olmuşdur.

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ

Professor

 


Bu xəbərləri də oxu

Klipdə banan yedi - həbs olundu - FOTOLAR

Miri Yusifin fiaskosu - tanınmış müğənni TOP15-i tərk etdi

Azərbaycan təmsilçisi gənclər arasında tamblinq üzrə dünya birincisi olub - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Mədəniyyət

REDAKTORUN SEÇİMİ