ritn
ritn
ritn
19 Oktyabr 2017
Cümə axşamı


Dağlıq Qarabağ münaqişəsi - Daha real nədir: Müharibə, yoxsa sülh?

15:55

Türkiyə ilə Rusiya arasında münasibətlər daha da yaxınlaşmağa doğru gedir. Buna son zamanlar qarşılıqlı səfərləri misal gətirmək olar. Əvvəlcə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər etdi.

Bu səfərdən sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəldi. Mövlud Çavuşoğlu ölkəmizdə səfərdə olan zaman Elmar Məmmədyarovla birgə mətbuat konfransı keçirdi. Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirdi ki, türkiyəli həmkarı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıb: “Regional məsələlərə toxunduq. Regiondakı vəziyyəti müzakirə etdik. Bilirsiniz ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər etmişdi. Onunla da münaqişəyə dair müzakirələr aparılıb”.

Daha sonra Türkiyənin baş naziri Binəli Yıldırımın da Moskvaya səfəri baş tutdu. Bu yaxınlaşma fonunda bizi daha çox regional məsələlərin bundan sonra hansı formada davam edəcəyi maraqlandırır. Bizim üçün ən önəmlisi təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. İndi əsas sual budur - Türkiyə-Rusiya yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin həlli baxımdan hansı önəmi var?

Məsələ ilə bağlı ATV.az-a açıqlama verən politoloq Arzu Nağıyev bildirir ki, Türkiyə-Rusiya yaxınlaşması baş verdikcə Dağlıq Qarabağ münaqişəsində müəyyən bir irəliləyiş ola bilər. Lakin bunun müqabilində Türkiyə və Rusiyanın bir-birindən müəyyən istəkləri ola bilər.

- Bu istəklər nədən ibarətdir?

Rusiya ilk növbədə Ermənistanla sərhəddin açılması istiqamətində Türkiyənin qarşısında müəyyən məsələlər qoya bilər. Türkiyə də yəqin ki, bir neçə rayonun qaytarılması məsələsini Rusiyaya bildirməklə məhz Ermənistana təzyiq etməsini istəyə bilər. Lakin bu da o qədər inandırıcı görünmür. Çünki Türkiyə ilə Rusiya arasında olan münasibət hələ elə yüksək səviyyədə deyil ki, bu məsələlərin həllində onların rolu da müsbət olsun. Çünki Türkiyə NATO-nun üzvüdür, Rusiya isə bu bloka qoşulmayıb. Lakin Qərbin əsas tələblərindən biri budur ki, Rusiya özünü SSRİ-nin varisi saydığı üçün bu məsələlərin həllində birbaşa rol oynasın. Rusiya varisdirsə, bu gün bu ocaqların söndürülməsində də varis kimi çıxış eləməlidir. Rusiya bütün regional layihələrdə, eyni zamanda “Türk Axını”nda iştirak etmək üçün  Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addım atmaqda maraqlıdır. Bu istiqamətdə bir köməkliyi dəyə bilər. Eyni zamanda, bu gün Ermənistan həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən tam şəkildə Rusiyadan asılı vəziyyətdədir.

Son vaxtlar hətta Azərbaycana göndərilən insan hüquqları ilə məşğul olan şəxslərin xalq diplomatiyası istiqamətində atılan addımları da düşünürəm ki, Rusiyanın öz fikridir. Bu yolla münaqişənin həlli ilə bağlı müəyyən addımların atılmasını istəyir. Ümumi aspektdən götürəndə Türkiyə-Rusiya yaxınlaşması, Dağlıq Qarabağ münaqişənin həllində müəyyən irəliləyişə nail olmağa kömək edə bilər.

Bildiyimiz kimi, xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda ATƏT-in 23-cü Nazirlər Şurasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub. Nazir bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalır:

“Aprel gərginliyi aydın şəkildə xatırlatdı ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki bugünkü vəziyyət təhlükəlidir və istənilən vaxt gözlənilməz nəticələrə gətirib çıxaracaq potensiala malikdir. Təqdirəlayiq haldır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində status-kvonun qeyri-davamlılığına və onun dəyişməli olmasına dair ATƏT çərçivəsində yekdil mövqe mövcuddur.

Azərbaycan hazırki status-kvonun dəyişməsində ən maraqlı tərəfdir. Bu xüsusda, biz Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndiririk. Bu məsələdə göstərdiyi səylərə görə həmsədr dövlətlərə, xüsusilə Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə təşəkkür edirik. Biz bu fürsəti davam etdirməli və həmin görüşlərdə əldə olunmuş razılaşmaları gecikdirmədən konkret tədbirlərə çevirməliyik. Biz ATƏT və Minsk Qrupunun bu məsələdə fəal rol oynamalarını gözləyirik”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ATƏT xarici işlər nazirləri şurasının Almaniyada təşkil olunan toplantısında çıxışı zamanı bu məsələyə yenidən toxunub: “Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı kimi “dondurulmuş” münaqişələr həllini tapmalıdır. Bu münaqişələrin həllinin uzanması bizə olan etimadı sarsıdır. Bu münaqişələrin həll edilməsi vacibdir”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Hamburqda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Hamburqda xarici işlər nazirlərinin 2+3 formatında görüşü də olmalıdı idi.  Arzu Nağıyevin sözlərinə görə, Ermənistanın bu görüşdən yayınmağa cəhdinin səbəbi veriləcək suallara, şərtlərə cavab verə bilməməsidir: "Görüş naminə görüş təyin etməyin özü də müsbət hal deyil. Bizim konkret məsələlərimiz var, bu məsələlərlə bağlı da öz təklifimizi etmişik. Bu gün artıq cavab verəcək tərəf Ermənistandır. Bundan başqa, bildiyiniz kimi, Parlament Assambleyasında da Dağlıq Qarabağla bağlı bizim nümayəndə heyəti ilə Ermənistan nümayəndə heyəti arasında müəyyən görüşlər olmalıdır. Əsas məsələ ondan ibarətdir ki, görüşlərin səbəb və nəticələri nədir? Səbəb məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən addımlar olsun. Nəticəyə gəldikdə isə biz Ermənistan tərəfindən konkret cavab gözləyirik. Məhz ona görə də, düşünürəm ki, belə görüşlərdə Ermənistanın Dağlıq Qarabağ ərazisinə səfər etməsi, orada görüşlər keçirməsi bu görüşlərin qarşısını almağa yönəlmiş addımlardır".

- Aprel hadisələrindən sonra bildiyimiz ki, münaqişənin həlli ilə bağlı danışıqlar daha intensiv hal aldı. Azərbaycan və Ermənistan prezidentlərinin iki dəfə görüşü baş tutdu. Hətta bu görüşlərdən konkret nəticələr də gözlənilirdi. Daha sonra Ermənistan yenidən bu görüşlərdən yayındı. Bəs yaxın zamanlarda yenidən prezidentlərin görüşü gözlənilirmi? Bu görüşlər fonunda münaqişənin həlli ilə bağlı hər hansı irəliləyişlər ola bilərmi?

- Belə düşünürdüm ki, Hamburq görüşlərindən sonra prezidentlərin görüşməsi üçün müəyyən bir məqam, şərait yarana bilər. Düşünmürəm ki, prezidentlərin hər hansı formada görüşü baş tutacaq. Yenə deyirəm ki, artıq top onlar tərəfdədir. Biz öz fikrimizi bildirmişik, Dağlıq Qarabağ münaqişəsinin həllini beynəlxalq qanunlara uyğun olaraq - istər Madrid prinsipləri, istər Kazan protokollarına uyğun olaraq həll etməyə hazırıq. Lakin Ermənistan bu məsələləri həll etməkdən çəkinir. Eyni zamanda düşünürəm ki, onlar öz vaxtını da uzadır. Çünki Amerika Birləşmiş Ştatlarında seçkilərdən sonra, eyni zamanda yanvarda Donald Trampın inaqurasiyasından sonra ola bilsin ki, xarici siyasətdə müəyyən dəyişikliklər olsun. Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunu təmsil edən ABŞ və Fransa nümayəndələri dəyişdi, amma Rusiya yerində qalır. Buna görə də, gözləmə mövqeyi ola bilər. Bu gün təbii ki, xarici işlər nazirləri görüşməsə, həmsədrlər bununla bağlı müvafiq bəyənatlar verməsə, düşünmürəm ki, prezidentlərin görüşü baş tuta.

Günay Məryəm / ATV.az


Bu xəbərləri də oxu

“Atletiko” üçün Çempionlar Liqası əldən getdi? - “Qarabağ” möcüzəsi davam edir - FOTOLAR

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

Oxunma sayı:
09.12.2016 15:55
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Demo-SOS

REDAKTORUN SEÇİMİ