ritn
ritn
ritn
23 Mart 2017
Cümə axşamı


Netanyahunun Azərbaycan səfəri - Səbəb və məqsəd nədir?

14:40

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

ATV.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrailin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıb. Benyamin Netanyahu ölkəmizdə bir sıra vacib görüşlər həyata keçirəcək. İsrail rəsmisi Azərbaycan-İsrail münasibətləriylə yanaşı Yaxın Şərq münaqişəsini də geniş müzakirə edəcək. Fələstinlə sülh danışıqlarının bərpası və müzakirələrin aktiv şəkildə davam etdirilməsi üçün rəsmi Təl-Əviv Bakının xidmətlərindən istifadə edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşılayıblar. Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Baş naziri Benyamin Netanyahu birgə foto çəkdiriblər. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baş nazirin Azərbaycana səfərini ATV.az-a şərh edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut bildirib ki, Netanyahunun Azərbaycana səfərini çox yüksək qiymətləndirir: “Hesab edirəm ki, səfər münasibətlərdə yeni səhifə olacaq. Ümumiyyətlə, İsrail-Azərbaycan münasibətləri çox yüksək səviyyədə inkişaf edir. İnanıram ki, bundan sonra da həm siyasi dialoq, həm iqtisadi əlaqələr yüksək səviyyədə olacaq. Eyni zamanda, 2-5 aprel hadisələri bir daha göstərdi ki, Azərbaycanın dostu kimdir, düşməni kim. Bundan əlavə bu sirr deyil ki, Azərbaycanın hərbi sahəsinin inkişafında İsrail dövlətinin və şirkətinin yardımı çox böyük olub. İnanıram ki, bütün əlaqələr bundan sonra daha da inkişaf edəcək”.

A.Qutun sözlərinə görə, İsrail-Azərbaycan münasibətləri heç bir üçüncü dövlətə yönəlməyib. Bu iki dövlətlə münasibətin əsasında çox yaxşı siyasi dialoq, iqtisadi əlaqələr və eyni zamanda İsrail-Azərbaycan hərbi-texniki əməkdaşlığı dayanır. ABŞ-ın yeni prezidenti Donald Trampın hakimiyyətə gəlməsi ilə bağlı yəhudi ekspert bildirir ki, bu, həm Azərbaycan, həm də İsrail üçün çox önəmli olacaq: “Ona görə ki, bu günə qədər Amerika Administrasiyası nə Yaxın Şərqdə, nə də Cənubi Qafqazda baş verən hadisələri düzgün dəyərləndirirdi. Tramp İsrail dövlətinin və yəhudi xalqının çox yaxın dostudur və bunu hər zaman söyləyir. İnanıram ki, Trampla olan əlaqələr eyni zamanda İsrail-Azərbaycan münasibətlərinin inkişafında da böyük rol oynayacaq”.

Millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov isə ATV.az-a açıqlamasında bildirir ki, Azərbaycan dövlətinin xarici siyasətində ikitərəfli münasibətlər formatı prioritet təşkil edir: “Çünki Azərbaycanın ikitərəfli formatda əlaqələri inkişaf edəndə, bu nəticə etibarı ilə çoxtərəfli formatda müsbət dəyişikliyə gətirib çıxarır, beynəlxalq təşkilatlarda bizim mövqeyimizi möhkəmləndirir. Bu iki tərəfli formatda bizim əsas prinsipimiz budur ki, münasibətlər bərabər hüquqlu olsun və qarşıqlı əməkdaşlıq münasibətlərinə köklənsin. Bunun kənarında olan münasibətləri qəbul etmirik. 

Məsələyə bu konteksdə yanaşdıqda Azərbaycan-İsrail münasibətləri inkişaf tempinə malikdir. Siyasi dialoq, ticari-iqtisadi əlaqələr, bundan əlavə hərbi-texniki əməkdaşlıq, xüsusilə enerji sahəsində əməkdaşlıq məsələlərində daha ciddi irəliləyişlər əldə olunub. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, cənab Netanyahunun Azərbaycana səfəri dediyim istiqamətlərdə əlaqələrin inkişafı üçün yeni imkanlar açacaq. Həmin imkanların reallaşması üçün müasir hüquqi-normativ bazanın daha da inkişaf mənafeyinə xidmət göstərəcək. Nəzərə alsaq ki, İsrail dövləti fundamental məsələlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ərazi bütövlüyü prinsipinə üstünlük verir ki, bu da rəsmi Bakı-Təl-Əviv münasibətlərini şərtləndirən həlledici amillərdən biridir”.

Elman Nəsirov xüsusi qeyd etdi ki, xaricdə bəzi siyasi dairələr, qüvvələr çalışırlar ki, bu səfərə fərqli rəng qatsınlar, fərqli məzmun versinlər: “Əslində bu bir həqiqətdir ki, Azərbaycan-İsrail münasibətlərinin inkişafı heç bir halda üçüncü tərəfin əleyhinə yönəlməyib. Bu münasibətlər ikitərəfli münasibətlər kimi dəyərləndirilməlidir. Bu səfər hansısa tərəfi hədəfə almayıb. Kimlər belə düşünürsə, bu, kökündən yalnış yanaşmadır, bunu xüsusilə diqqətə çatdırmaq istəyərdim”.

Millət vəkilinin sözlərinə görə, eyni zamanda, çox vacib digər məqam da budur ki, Azərbaycan dövlətinin çətin, dövlətlər arasında yaranmış mürəkkəb məsələlərdə bir vasitəçi missiyası kimi uğurla çıxış etdiyi hər kəsə bəllidir: “Yəqin ki, İsrail dövləti də onun fərqindədir ki, korlanmış Rusiya-Türkiyə münasibətlərinin həllində Azərbaycan prezidenti İlham Əliyevin müstəsna xidməti oldu. Onun siyasəti nəticəsində həm bizim Rusiya ilə strateji, həm də Türkiyə ilə müttəfiqlik münasibətlərimiz formalaşıb.

Bu iki dövlətin münasibətlərinin bərpası, inkişafı üçün Azərbaycan prezidentinin vasitəçilik missiyası nəticə verdi. Bu gün Ankara-Moskva münasibətləri yenidən bərpa olunub və inkişaf yolunu seçib. Məsələyə bu konteksdə yanaşdıqda hesab eliyirəm ki, Azərbaycanın Fələstin muxtariyyəti ilə, administrasiyası ilə münasibətlərin yüksək səviyyədə olması, eyni zamanda İsrail dövləti ilə olan çox sıx əlaqələrimiz yenidən bir unikal imkan yaradır ki, Azərbaycan bu fürsətdən istifadə edib, iki tərəf arasında barışdırıcı missiyasını ortaya qoysun və konkret nəticələr əldə edilsin”.

“Bundan maksimum faydalanmaq lazımdır. Hesab edirəm ki, cənab Netanyahunun səfəri zamanı bu məsələlər əsas diqqət mərkəzində ola bilər”.

25 dekabr 1991-ci il tarixində İsrail Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasındakı diplomatik münasibətlər 6 aprel 1992-ci il tarixində qurulub.

Azərbaycan və İsrail arasındakı ikitərəfli münasibətləri təqdim edirik:

Yüksək səviyyəli qarşılıqlı səfərlər:

Dövlət başçıları: 

2009-cu il 28-29 iyun - Prezident Şimon Peresin rəsmi səfəri

2014-cü ilin 24 yanvar - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində İsrail Dövlətinin Prezidenti Şimon Peres və Baş Nazir Benyamin Netanyahu ilə görüşlər keçirib

Hökumət başçıları: 

1997-ci il 29 avqust - Baş Nazir Benyamin Netanyahunun səfəri

2010-cu il 15 fevral - Baş nazir Ehud Olmertin səfəri

Nazirlər: 

1999-cu il 3-5 dekabr - Müdafiə Nazirinin müavini, E.Snenin səfəri

2001-ci il 23-26 dekabr - XİN Baş Direktorunun müavini David Peleqin səfəri

2005-ci il 28-30 mart - Xarici İşlər Nazirinin müavini A.Əzimovun səfəri

2005-ci il 14-17 iyun - Kənd təsərrüfatı Naziri İ.Abasovun səfəri

2005-ci il 17 iyun - Gənclər, İdman və Turizm Naziri Ə.Qarayevin səfəri

2006-ci il 29-30 oktyabr - Müdafiə Nazirliyinin hərbi siyasi idarəsinin rəhbəri general Amos Qiladın səfəri

2007-ci il fevral - İqtisadi İnkişaf Naziri H.Babayevin səfəri

2007-ci il 26-28 fevral - Müdafiə Nazirinin müavini Efraim Snehin səfəri

2007-ci il 11-12 iyun - XİN Baş Direktorunun 1-ci müavini Yossi Qalın səfəri

2007-ci il 11-15 iyun - Nəqliyyat Naziri Z.Məmmədovun səfəri

2007-ci il 15-19 avqust - Baş Nazirin müavini və Strateji Məsələlər Naziri Aviqdor Libermanın səfəri

2008-ci il 23-26 mart - Daxili İşlər Nazirin müavini-Daxili Qoşunların Komandanı, general-leytenant Zakir Həsənovun səfəri

2008-ci il 15-17 may - Kənd Təsərrüfatı və Kənd İnkişafı Naziri Şalom Simhonun səfəri

2009-cu il 11-12 may - Səhiyyə Naziri və Müdafiə Nazirinin müavini Efraim Snehin səfəri

2009-cu il 29-30 iyul - Müdafiə Nazirliyinin Sibat başçısı Yehud Şani və Nazirliyin Direktorunun müavini Dmitri Qolubun səfəri

2009-cu il 20-23 - XİN Baş Direktorunun müavini Pinxas Avivinin səfəri

2010-cu il 9-11 fevral - Baş nazirin müavini, Xarici İşlər naziri Aviqdor Libermanın rəsmi səfəri

2010-cu il 4-7 may -  XİN müavini A.Əzimov səfəri

2010-cu il 4-7 may - Diasporla iş üzrə Dövlət Komitəsinin sədri N.İbrahimovun səfəri

2010-cu il 12-14 may - Müdafiə Nazirliyinin Siyasi-Hərbi bürosunun rəhbəri Amos Giladın səfəri

2011-ci il 10 noyabr  - Milli İnfrastruktur Naziri Uzi Landaunun səfəri

2011-ci ilin 28 noyabr - Müdafiə Nazirliyinin Siyasi-Hərbi bürosunun rəhbəri Amos Giladın səfəri

2011-ci il 15 dekabr - Xarici İşlər Nazirliyinin Baş direktoru R.Barakın səfəri

2011-ci il 25 dekabr - İqtisadi İnkişaf naziri Ş.Mustafayevin səfəri

2012-ci il 22-24 aprel - Xarici İşlər naziri Aviqdor Libermanın səfəri

2014-cü ilin 29 aprel -04 may -İsrail Dövlətinin Xarici İşlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Parlamentlərarası əlaqələr: 

1999-cu il 22-24 avqust - Knessetin deputatı Roman Brofmanın səfəri

2002-ci il may 14-16 may - Knessetin deputatı Roman Brofmanın səfəri

2002-ci il 3-5 sentyabr - Knessetin deputatı Amnon Kohenin səfəri

2007-ci il 16-18 aprel - Knessetin Spikerinin müavinləri Amnon Kohen, Qideon Saar, Knessetin üzvləri Ran Kohen, Robert İlatovun səfəri

2009-cu il 20-22 iyul - İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluqqrupunun rəhbəri Robert İlatov və deputat, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının sədri İosif Şaqalın səfəri

2012-ci il 11-15 yanvar - Keçmiş Müdafiə naziri və Baş nazirinin keçmiş müavini -Knessetin deputatı Ben Eliezer Bencaminin səfəri
Milli Məclisdə təsdiq edilmiş Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Yevda Abramovdur

Müqavilə-hüquq bazası:

Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında 6 sənəd imzalanıb.

Qeyd edək ki, İsrail-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yevda Abramovdur.

Günay Məryəm / ATV.az

 


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
13.12.2016 14:40
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Demo-SOS

REDAKTORUN SEÇİMİ