ritn
ritn
ritn
23 Iyun 2017
Cümə


Ermənistanı dövlət kimi tanımayan ölkə - "İşğala son qoyun, yoxsa..."

19:24

Bu gün Pakistan İslam Respublikasının Azərbaycanın müstəqilliyini tanıdığı gündür.

ATV.az-ın məlumatına görə, Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə olub. 1992-ci ildə bu iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb. Dağlıq Qarabağ məsələsində Pakistan Azərbaycanı dəstəkləməkdə və müdafiə etməkdə davam edir. BMT qətnaməsinə əsaslanaraq Azərbaycan Respublikası da Pakistanı Kəşmir probleminin həll edilməsində dəstəkləyir.

Pakistanın keçmiş prezidenti Sərdar Faruq Əhməd Xanın 1995-ci ilin oktyabrında Azərbaycana səfəri və Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ilin aprel ayında Pakistana səfəri zamanı iqtisadi, siyasi, mədəni sahələrdə əməkdaşlığa dair mühüm müqavilələr imzalanıb. İki ölkə arasındakı əlaqələr daha da möhkəmlənib. Tez-tez baş verən yüksək səviyyəli qarşılıqlı səfərlər regional məsələlər üzrə iki ölkə arasında mövcud olan mövqelərin oxşarlığına və qarşılıqlı əlaqələrin daha da inkişaf etməsinə səbəb olur. Ölkələr müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq etmək üçün bir sıra mühüm sazişlər imzalayıb.

Bu il oktyabrında 14-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfəri də yüksək qiymətləndirildi. Baş nazir Azərbaycanda bir sıra mühüm görüşlər keçirdi. Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri ilə görüşündən sonra mətbuata bəyanatında qeyd edib ki, Azərbaycan xalqı Pakistanın qardaşcasına münasibətini yüksək qiymətləndirir: Biz Pakistana çox minnətdarıq ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımadı və Ermənistanla diplomatik əlaqələr qurmadı. Bu, qardaşlığın göstəricisidir. Azərbaycan xalqı bu qardaşcasına yanaşmanı yüksək qiymətləndirir. Biz, həmçinin minnətdarıq ki, 2012-ci ildə Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıdı. Bu, dostluq və tərəfdaşlığın daha bir göstəricisidir. Ona görə də Azərbaycan xalqı Sizin ölkəni sevir".

Siyasi təmasların çox yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı deyib ki, Azərbaycan və Pakistan beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyir.

Pakistanın Baş naziri də bildirib ki, Azərbaycandakı diqqətəlayiq siyasi sabitlik, ictimai həmrəylik və böyük iqtisadi inkişaf onda dərin təəssürat yaradıb: “Prezident Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi təqdirəlayiq iqtisadi inkişaf və sosial tərəqqi Pakistanda böyük rəğbətlə izlənilir. Pakistan və Azərbaycan hər zaman bir-birinə bənzər baxışlara malik olmuşlar və Prezident Əliyev ilə bu görüşümdən sonra məmnunluqla əmin oldum ki, bizim ideallarımız da üst-üstə düşür”.

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə isə noyabrın 1-də Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Abdul Rauf Aləmlə görüşüb. Pakistanın iqtisadi göstəricilərinin son illər ərzində artdığını bildirən Əli Əlizadə, Pakistanın qardaş ölkə olması baxımından, eləcə də ərazi və əhalisinin böyüklüyünə görə Azərbaycan məhsullarının satışı, sərmayə yatırımı üçün yaxşı üstünlüklərə malik olduğunu qeyd edib. Bir sıra azərbaycanlı iş adamlarının Pakistanla ticarət əlaqələrinin yaradılması üçün səfirliklə təmasda olduğunu bildirən Əli Əlizadə, xüsusən turizm, tekstil və kənd təsərrüfatı, pambıqçılıq, toxumçuluq sahələrində əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirib. Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişaf, xarici investorlar üçün yaradılan münbit şəraitdən, sənaye şəhərcikləri və investisiya parklarının fəaliyyətindən, digər iqtisadi və ticari imkanlar haqqında məlumat verən səfir Əli Əlizadə, bu şəraitdən pakistanlı iş adamlarının daha çox istifadə edə biləcəyini qeyd edib.

Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Abdul Rauf Aləm iki ölkə arasında mövcüd olan yüksək səviyyəli əlaqələrdən mümkün qədər hər iki ölkənin iş adamlarının yararlanması gərəkdiyini bildirərək, iki ölkə arasındakı ticari və iqtisadi potensialın olduqca böyük olduğunu qeyd edib.

Dekabrın 5-də isə Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan Azərbaycana səfər edib. Prezidenti İlham Əliyev naziri qəbul edən zaman Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfərlərini məmnunluqla xatırlayaraq bildirib ki, hər iki səfər uğurlu və məhsuldar oldu: Bu səfərlərin ölkələrimiz arasında mövcud qardaşlıq əlaqələrinin gücləndirilməsi baxımından önəmini qeyd edən prezident  qarşılıqlı ticarətin səviyyəsinin inkişaf etdirilməsi, sərmayə qoyuluşu və biznes imkanlarının müəyyənləşdirilməsi üçün ölkələrimizin müvafiq nazirliklərinin praktik səviyyədə görüşlər keçirməsi üçün də yaxşı fürsət yarandığını deyib.

İqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 5-də Bakıda Azərbaycan və Pakistan biznes dairələrinin iştirakı ilə keçirilən işgüzar görüşdə bildirib ki, Azərbaycan Pakistan ilə iqtisadi əlaqələrin inkişafında və bu əlaqələrin siyasi sahədəki yüksək əməkdaşlıq səviyyəsinə çatdırılmasında maraqlıdır: “İndiyədək ölkələrimiz arasında 36 sənəd imzalanıb ki, bunun 12-si iqtisadi sahədədir. 2016-cı ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 3,6 dəfə artıb. Azərbaycanda 127 Pakistan sərmayəli şirkət fəaliyyət göstərir”.

Ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşən Şahin Mustafayev ticarət, kənd təsərrüfatı avadanlıqlarının istehsalı, əczaçılıq, turizm, tranzit sahələrində əməkdaşlıq, eləcə də birgə müəssisələrin yaradılması imkanlarını qeyd edib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsinin vacibliyini vurğulayan iqtisadiyyat naziri, Azərbaycanın kənd təsərrüfatı, meyvə şirələri, mineral sular, kimya, metal borular və konstruksiyalar və s. məhsullarının Pakistana ixrac imkanlarını qeyd edib.

2017-ci ilin əvvəlində Azərbaycanın ixrac missiyasının Pakistana səfəri təşkil olunacaq və Azərbaycan məhsulları bu ölkədə təşviq olunacaq. Həmçinin, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün birgə işçi qrupun yaradılması barədə razılığa gəlinib.

Azərbaycan-Pakistan münasibətlərini ATV.az-a şərh edən millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir və ötən 25 il ərzində bu iki ölkə arasında münasibətləri dostluq-qardaşlıq və yaxın münasibətlər səviyyəsinə qalxıb: “Pakistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu səbəbdən Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edir. Bütün yüksək tribunalardan həmişə Ermənistandan işğal edilmiş torpaqlarımızdan qoşunlarını çıxarmağı tələb edir. Bundan başqa, Azərbaycana hər cür yardım etməyə hazır olduğunu bildirir. Hesab edirəm ki, Pakistan kimi bir dost-qardaş ölkənin olması Azərbaycanın böyük bir qazancıdır. Azərbaycanın bu ölkə ilə münasibətlərə böyük əhəmiyyət verir.

İki ölkə arasındakı münasibətlər bu gün qarşılıqlı münasibətlərin bütün sahələrini əhatə edir və daha da dərinləşir. Azərbaycanla Pakistan bir sıra birgə layihələrin iştirakçılarıdır. Azərbaycan Pakistanın problemlərinin tezliklə həll edilməsini arzulayır və bu ölkəyə maksimum dəstək göstərməyə çalışır. Ötən 25 ilə baxdıqda iki ölkə arasındakı münasibətlərin digər dövlətlər üçün də nümunə olduğunu deyə bilərik. Pakistan dövlətinə daima Azərbaycanın yanında olduğuna və dəstək verdiyinə görə, öz təşəkkürümüzü bildiririk. Bu ölkə ilə dost, yüksək münasibətlərdə olmaqdan fəxarət hissi keçiririk”.

Qeyd edək ki, bu il mayın 2-də Prezident İlham Əliyevin Sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfirinin təyin olunması haqqında sərəncam imzalayıb.

Günay Məryəm / ATV.az


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
13.12.2016 19:24
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Demo-SOS

REDAKTORUN SEÇİMİ