ritn
ritn
ritn
26 Iyul 2017
Çərşənbə


İlin ən mühüm siyasi hadisələri - Aprel döyüşləri, mühüm səfərlər...

16:50

2016-cı ilin son günlərini yaşayırıq. Bu il həm Azərbaycan, həm də dünyada bir çox vacib siyasi hadisələr baş verdi. Bu dəfə sizə il ərzində ölkə daxilində baş verən ən vacib siyasi hadisələri xatırladacağıq:

İlin əvvəlində Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müəyyən edilib. Qeyd edək ki, millətlərarası, dini və multikulturalizm üzrə dövlət müşaviri Kamal Abdulladır. Prezidentin sərəncamı ilə nəzərdə tutulan tədbirlər planı çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalı işıq üzü görüb və il ərzində bir çox tədbirlər həyata keçirilib.

**

İlin ən mühüm və tarixi hadisəsi 2-5 apreldə qeydə alındı və "Dördgünlük müharibə" adı ilə müasir Azərbaycan tarixinə yazıldı. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında hərbi münaqişə baş verib. Dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini düşməndən azad edib, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər.

Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edib. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçü öldürülüb və 500-dən artıq döyüşçü yaralanıb. Silahlı Qüvvələrimiz tərəfindən ümumilikdə 2000 hektardan artıq ərazi işğaldan azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub.

**
İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasda “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib. 

İƏT-ə üzv ölkələrin Parlamentlər İttifaqı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. İraqın paytaxtı Bağdadda işini yekunlaşdıran İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlər İttifaqının 11-ci konfransında, “İslam Konfransı Gənclər Forumu ilə İƏT Pİ arasında əməkdaşlıq” başlıqlı və iki qurum arasında Xocalı soyqırımının tanıtdırılması istiqamətində iş birliyini nəzərdə tutan qətnamə yekdilliklə qəbul edilib. Məlumata görə, 54 ölkənin parlament nümayəndələri tərəfindən yekdilliklə qəbul edilmiş qətnamənin müvafiq bəndində İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyasına dəstək ifadə edilir, Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınır.

Bundan əlavə ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıyıb. Havay ştatının qubernatoru Deyvid İqe (David Ige) Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar bu faciənin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıb. Qubernator bildirir ki, oxşar qəddarlıqların yenidən baş verməməsi üçün Xocalı qurbanlarını hörmətlə yad etmək vacibdir. Qeyd edək ki, bu bəyannamə ilə ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 19-a çatıb. Bundan əlavə, Havay ştatının Nümayəndələr Palatasının sədri Azərbaycandan üzr istəyib. Bundan əlavə, erməni lobbisinin ənənəvi manipulasiyası və məkrli oyunları nəticəsində ABŞ-ın Havay ştatının Nümayəndələr Palatası tərəfindən 29 mart 2016-cı il tarixində qondarma “DQR”ə dair qəbul olunmuş H.R. 167 saylı qətnamə ilə bağlı Palatanın sədri Cozef Souki (Joseph Souki) memorandum imzalayaraq, bu qətnaməyə görə təəssüf hissi keçirdiyini bildirib. O, Azərbaycan Hökumətindən və xalqından dərindən üzr istədiyini elan edib.

**

Avropa Şurası Parlament Assambleyasının sessiyasında Militsa Markoviçin “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı məruzəsi qəbul edilib. Məruzəyə ümumilikdə 21 əlavə və dəyişiklik təklif olunub. Əlavə və dəyişikliklərin çoxu ermənilər tərəfindən təklif edilib. Erməni tərəfi hər cür vasitələrlə məruzənin məzmununu dəyişdirərək, sənədi öz xeyirlərinə yumşaltmağa çalışıblar.  Ancaq onların təklif etdikləri əlavə və dəyişikliklər keçməyib. Sona yaxın Ermənistan nümayəndə heyətinin üzvü Armen Rustamyan hesabatın yenidən komitəyə qaytarılmasını təklif etsə də, nə komitə, nə də məruzəçi bu təklifi qəbul edib. Erməni tərəf hətta məruzənin hesabatın adını da dəyişməyə cəhd edib, amma bu cəhd də uğursuzluqla nəticələnib. Sonda məruzə səsə qoyulub, 98 deputat lehinə, 71 deputat əleyhinə olmaqla qəbul edilib.

**

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 148 nəfərə şamil olunub. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər. Əfv olunanlar arasında 16 xarici ölkə vətəndaşı da olub. Bundan əlavə, Milli Məclis Mehriban Əliyevanın müraciəti ilə amnistiya aktı qəbul edib. Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən 28 May - Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə edilən müraciət müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra amnistiya aktı səsə qoyularaq qəbul edilib. 



**

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun aprelin 7-də Bakıda keçirilən görüşündə tərəflər XİN rəhbərlərinin üçtərəfli görüşünün dialoq və ölkələrin regional, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsində əhəmiyyətini bir daha qeyd ediblər. Bu barədə nazirlərin Bakı görüşünün yekunlarına dair mətbuat açıqlamasında deyilir. Açıqlamada bildirilir ki, tərəflər bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərarası münasibətləri daha da inkişaf etdimək və gücləndirmək barədə razılığa gəliblər.

**

Mayın 16-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın, ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə görüş keçirilib. 20 iyunda isə Sankt-Peterburq şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Prezidenti Serj Sarkisyanın birgə görüşü olub. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair birgə bəyanat qəbul edilib. Prezidentlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər.

Prezident İlham Əliyevə "Dünyada ilin adamı" mükafatı təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də "The Business Year" jurnalının baş redaktoru Leland Raysı və jurnalın direktoru xanım Betül Çakaloğlunu qəbul edib. Leland Rays rəhbərlik etdiyi jurnalın Azərbaycan Prezidenti İlham Əliyevi 2015-ci ildə "Dünyada ilin adamı" mükafatına layiq gördüyünü deyib və mükafatı dövlət başçısına təqdim edib. Dövlət başçısı "The Business Year" jurnalının "Dünyada ilin adamı" mükafatına layiq görüldüyünə görə minnətdarlığını bildirib.

**

"Ağ Ev" administrasiyası Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız qalmış Sərsəng bəndinə görə, humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya rəsmi cavab verib. Cavabda bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədri qismində Amerika Birləşmiş Ştatları (ABŞ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinin tərəfdarıdır. "Ağ Ev"in saytında yerləşdirilən və 332 minə yaxın səs toplayan petisiyaya cavabda bildirilir ki, "Biz tərəfləri təmkinli olmağa və dərhal Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyən olunmasından ibarət olacaq danışıqlara başlamağa çağırmaqda davam edirik".

**

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında fərman imzalayıb. Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə əsasən, bundan sonra hərbi xidmətə çağırışdan möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq. Qeyd edək ki, indiyə qədər hərbi xidmətə çağırışdan möhlət hüququ ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi.

**

Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub. Söhbət zamanı Azərbaycan, İran və Rusiya dövlətləri başçılarının ilk üçtərəfli görüşünün əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından bu görüşün önəmi vurğulanıb. Avqustun 8-də Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşündən sonra hər üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransı olub.

26 sentyabrda ümumxalq səsverməsi nəticəsində Azərbaycan xalqı Konstitusiyaya edilən mühüm dəyişikliklərə səs verib. Beləliklə, referendum nəticəsində Konstitusiyanın 29 maddəsinə dəyişikliklər edilib. Keçirilən referendumun nəticələrinə görə seçkidə iştirak edənlərin 92 faizi Konstitusiyaya təklif edilən dəyişikliklərə “hə” deyib. Mərkəzi Seçki Komissiyası referendumun baş tutduğunu və nəticələri sentyabrın 27-də elan edib. Referendumun nəticələri qüvvəyə mindikdən sonra ölkə prezidenti Konstitusiyaya əsaslanaraq  1-ci vitse-prezident, vitse-prezidentlər təyin etməlidir. Prezident İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb.

**

İlin mümüh siyasi hadisələrindən biri də budur ki, dekabrın əvvəlində “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” yaradılıb. Bəyanatı Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova (“İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək” İctimai Birliyinin sədri) imzalayıb.

Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlər

Bu il Azərbaycanda bir sıra mühüm beynəlxalq tədbirlər keçirilib. Onlardan bəzilərini xatırlayaq: Yanvarın 8-də Azərbaycanda IV Qlobal Bakı Forumu keçirilib. “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışı olub. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları Forumda iştirak ediblər. Prezident İlham Əliyev forumda çıxışı zamanı dünyada baş verən iqtisadi proseslər fonunda Azərbaycanın dayanıqlı iqtisadi model quruculuğu sahəsində atdığı mühüm məqamlara diqqət çəkib. Forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib.

26 apreldə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışı olub. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Bakı Bəyannaməsi qəbul olunub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, o cümlədən dünyanın 140 ölkəsindən dəvət olunmuş qonaqlar mərasimdə iştirak ediblər.

İyunun 4-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclası keçirilib. İclasda qurultayın sənədləri qəbul edilib, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının yeni tərkibi müəyyən edilib. Prezident İlham Əliyev Əlaqələndirmə Şurasının rəhbəri seçilib. Həmçinin, Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələrinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul edilib.

Eyni zamanda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının qətnaməsi qəbul edilib. Sentyabrın 29-da Bakıda V Beynəlxalq Humanitar Forum keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib. Forum çərçivəsində “dəyirmi masa”lar təşkil edilib, müzakirələr aparılıb.

Noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib.

Azərbaycan prezidentinin xarici ölkələrə mühüm səfərləri

Bu il dövlət başçısı bir səra ölkələrə səfər edib. Fevralın 1-də Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edib.  Rəsmi qarşılanma mərasimindən sonra İ. Əliyevin Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub. Dövlət başçısı Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanı Azərbaycana rəsmi səfərə dəvət edib.

Fevralın 3-də prezident İlham Əliyev Böyük Britaniyaya səfər edib. Dövlət başçısı BMT-nin baş katibi Pan Gi Mun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron, Almaniya kansleri Angela Merkel, Norveç Krallığının baş naziri Erna Solberq və Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak etmək üçün səfər edib.

Fevralın 23-də Prezident İlham Əliyev İran İslam Respublikasına rəsmi səfər edib. Dövlət başçısının rəsmi qarşılanma mərasimi başa çatdıqdan İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşü keçirilib. İlham Əliyevin və Həsən Ruhaninin iştirakı ilə 11 sənəd imzalanıb.

Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına səfər edib. Dövlət başçısı V Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib.

Aprelin 13-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gediblər. İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti ərəfəsində İstanbulda görüşlər keçirən R.T.Ərdoğan tədbirdə iştirak etmək üçün Türkiyəyə səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Aprelin 14-də Türkiyədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişaf edərək yüksək səviyyəyə qalxması məmnunluqla vurğulanıb. Söhbət zamanı aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Mayın 22-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dünya Humanitar Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər ediblər. İstanbulun Atatürk beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda Dünya Humanitar Sammitində çıxış edib. 

7 iyunda Prezident İlham Əliyev Almaniyaya işgüzar səfər. Səfər çərçivəsində dövlət başçısı Almaniya kansleri Angella Merkellə görüşüb. Almaniyada işgüzar səfərdə olan zaman Azərbaycan Prezidenti İlham Əliyev 48-ci Münxen Təhlükəsizlik Konfransının əsas tədbirlərindən olan “Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri” mövzusunda müzakirələrdə iştirak edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirin iştirakçıları arasında olub.  

İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfər edib. Prezident İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Sankt-Peterburq şəhərində Prezident Vladimir Putin ilə görüşüb. Görüş zamanı Prezidenti İlham Əliyev bildirib ki, status-kvonun dəyişməsi üçün Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır. 
 
 
İyulun 8-də Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitin açılışında iştirak edib. Prezidenti İlham Əliyev Varşavada Fransa Respublikasının Prezidenti Fransua Ollandla və Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ilə görüşüb.
 
 
Sentyabr 16-da Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğız Respublikasına səfər edib. Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası öz işinə başlayıb. MDB-nin yaradılmasının 25 illiyinə təsadüf edən iclasda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
 
 
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak etmək Türkiyə Respublikasına işgüzar səfər edib.

Azərbaycana səfər edən dövlət və hökumət başçıları

Bu il Azərbaycana da bir sıra səfərlər baş tutub. Bunlardan bəzilərini xatırlayaq: İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibi Xəlil İbrahim Akça Azərbaycana səfərə gəlib. Xatırladaq ki, ECO Azərbaycan, Əfqanıstan, Qırğızıstan, İran, Türkiyə, Qazaxıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın üzv olduğu iqtisadi qurumdur. Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt Azərbaycana səfərə gəlib.

Bundan əlavə, Qətər Əmiri Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycanda rəsmi səfərdə olan Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin martın 8-də rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tanini qarşılayıb. Qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani ilə görüşü keçirilib.

Aprelin 6-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb. Görüş zamanı bir sıra məsələlər müzakirə olunub. Lavrov 11 iyulda da Azərbaycana səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Aprelin 8-də Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycana səfər edib. Prezident İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev ilə məhdud tərkibdə görüşü olub. Nümayəndə heyətlərinin iştirakı ilə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin sədri Dmitri Medvedev mətbuata bəyanatlarla çıxış ediblər.

İyunun 15-də Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycana rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun təkbətək görüşündən sonra iki ölkənin Prezidentləri Şurasının Beşinci İclası olub.

8 avqustda Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər edib. Prezident İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub. Həmin gün İran prezidenti Həsən Ruhani də Azərbaycana səfər edib. Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub. Avqustun 8-də Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşündən sonra hər üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransı olub.

2 oktyabrda Roma Papası Fransiskin Azərbaycana tarixi səfəri baş tutub. Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Roma Papası Fransisk ilə görüşü olub. Roma Papasının Azərbaycanda bir sıra görüşləri keçirilib və Bakıdakı Katolik Kilsəsində messa - dini mərasimi keçirilib.

14 oktyabrda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfər edib. İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif ilə məhdud tərkibdə görüşü olub. Pakistanın Baş naziri Bakıda bir sıra görüşlər keçirib. 

22 oktyabrda Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycana səfər edib. Prezident İlham Əliyevin Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə görüşü olub. Səfər zamanı Nikolas Maduro Azərbaycanda bir sıra görüşlər keçirib. 

24 oktyabrda isə Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycana səfər edib. Rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi qarşılayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər. Prezidentlər Azərbaycan-Xorvatiya biznes forumunda iştirak ediblər.Xorvatiya prezidenti Azərbaycanda bir sıra görüşlər keçirib. 

28 noyabrda Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında görüş keçirilib. İki ölkə arasında 11 sənəd imzalanıb. Belarus Prezidenti Aleksandr Lukaşenkoya “Heydər Əliyev” ordeninin təqdim edilməsi mərasimi də keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib. Sonra dövləti başçısı “Heydər Əliyev” ordenini Prezident Aleksandr Lukaşenkoya təqdim edib. Belarus Prezidenti mərasimdə çıxış edib.

 

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub. Təkbətək görüşü başa çatdıqdan sonra Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi olub. 4 sənədin imzalanmasından sonra Prezident İlham Əliyev və İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu mətbuata bəyanatlarla çıxış ediblər.

Günay Məryəm / ATV.az


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
29.12.2016 16:50
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Demo-SOS

REDAKTORUN SEÇİMİ