ritn
ritn
ritn
23 Iyun 2017
Cümə


İlin ən dəhşətli və unudulmaz hadisələri - AZƏRBAYCANDA - I HİSSƏ - FOTOLAR

10:55

2016-cı ilin bitməyinə sayılı günlər qalıb. İl kimlər üçünsə çox xoş olsa da, bir çox ailələrin yaddaşına faciə kimi yazıldı. 2016-cı ildə bizi dəhşətə gətirən, unuda bilmədiyimiz, yaddaşlarda silinməz iz buraxan hadisələrin şahidi olduq.

Bu il daha çox qətlə yetirilən qadınlarla yadda qaldı. Təəssüf ki, il ərzində tez-tez həyat yoldaşı və qardaşı tərəfindən öldürülən qadınların sayı çox oldu. İlin bitməyinə sayılı günlər qaldığı bir zamanda ilin ən dəhşətli, səs-küy gətirən hadisələrini ATV.az-da yenidən xatırlayaq:

5 yanvar Bakıda ana və uşaq ölümü qeydə alınıb. Nərimanov rayonu ərazisində Bakı Sağlamlıq Mərkəzində təbii doğuş həyata keçirən 1984-cü il təvəllüdlü Ağayeva Günay Məmmədağa qızının vəziyyəti pisləşib. Həkimlər qadının qeysəriyyə əməliyyatı ilə övladını dünyaya gətirməsini məsləhət görüb. Əməliyyat zamanı əvvəlcə uşaq, daha sonra isə qadın dünyasını dəyişib.

Elə həmin gün ilin ən səs-küylü hadisələrindən biri baş verdi. 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib. Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı “Jewellery” zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, Günel Hüseynova 18 il, Ceyhun Əsgərov 19 il, Nicat Eyvazov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

7 yanvarda araq pulu üstündə ailəsində mütəmadi qalmaqal salan ər, sonda həyat yoldaşını qətlə yetirib. Füzuli rayonunun Balabəhmənli kəndində ailə münaqişəsi zəminində kənd sakini 37 yaşlı Gəncəvi Sadıqov həyat yoldaşı, 31 yaşlı Vüsalə Əsədovanı övladlarının gözü qarşısında qətlə yetirib. Ailə üzvlərinin bildirdiyinə görə, Gəncəvi Sadıqov spirtli içki aludəçisi olub. O, daima evdə yersiz münaqişələr törədib. Uşaqların bildirdiyinə görə, hadisə günü o, evə gələrək yoldaşından araq almaq üçün pul istəyib. Xəmir yoğurduğu üçün bir az gözləməsini deyən Vüsalə əri tərəfindən təhqir olunub, daha sonra əri bıçaqla onun boğazına zərbə endirib. Qadının həyatını xilas etmək mümkün olmayıb. Gəncəvi qətli törətdikdən sonra kənddəki kafelərdən birinə gələrək, pivə sifariş edib. Elə polislər də onu pivə içdiyi yerdə yaxalayıblar.

Həmin gün Maştağa qəsəbəsi, Bağırov 98 ünvanında yaşayan İlham Qurbanov həyat yoldaşı 30 yaşlı Mədinə Qurbanovaya, qayınanası 54 yaşlı Çimnaz Əliyevaya və baldızı, 29 yaşlı Aynurə Əliyevaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Polisdən verilən məlumata görə, hadisə baş verəndən sonra İlham Qurbanov Sabunçu rayon polis idarəsinə gedərək könüllü təslim olub.

Yanvarın 7-ci gününün dəhşətli cinayətlərindən biri də Bərdədə qeydə alınıb. Bərdə rayonunun Tumaslı kəndində yaşayan 35 yaşlı Zülfüqar Rəhimov həyat yoldaşı, 30 yaşlı Gülnaz Rəhimovanı ona çay vermədiyi üçün öldürüb. Səhər saat 6 radələrində yuxudan oyanan Z.Rəhimov həyat yoldaşı Gülnaz Rəhimovanı oyatmağa çalışıb və ona tez çay verməsini tələb edib. Qadın isə səhərin hələ açılmadığını deyib və həyat yoldaşından bir az gözləməyi xahiş edib. Bu səbəbdən də Z.Rəhimov özündən çıxıb və tez bıçağı götürərək, yataqda yarıyuxulu vəziyyətdə olan həyat yoldaşına zərbələr endirib. Boynundan və döş qəfəsindən ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, keçinib. Məlumata görə, Z.Rəhimov işsizdir və hadisəni spirtli içkinin təsiri altında törətməyib. O, psixi xəstə kimi bir müddətdir, müalicə olunurmuş.  Ailənin 3 övladı qalıb. Qeyd edək ki, qətl hadisəsi törədilərkən Z.Rəhimovun valideynləri evdə olub və onlar yaralı vəziyyətdə olan gəlinlərini xəstəxanaya çatdırıblar. Daha sonra isə valideynləri hadisədən sonra evdən qaçan övladlarını taparaq polisə təslim veriblər.

8 yanvarda Bakıda Taxıl Kombinatının direktoru Qalib Bağırov öldürüldü. Hövsan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı bağ evində xüsusi amansızlıqla qətlə yetirilib. Kombinat direktoruna 8 bıçaq zərbəsi vurulandan sonra boğularaq qərlə yetirilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Mahnurə Heydərəli qızı Hüseynova, Ehtitam Hətəm oğlu Həsənov və Mübariz Soltanağa oğlu Əliyevdir. Məlumata görə, Mahnurə Hüseynova mərhumun tanışı olub.


 

Yanvarın 9-da Bakıda universitetdən 500 min manat oğurlandı. Odlar Yurdu Universitetindən içərisində 500 min manat olan seyfi oğurlayan 4 nəfərdən ibarət dəstənin üzvlərindən biri - 25 yaşlı Sübhan Ələkbərov saxlanılıb, digər 3 nəfərinn tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirilir.

10 yanvarda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyitinin yaşadığı evdə aşkar edilib. Araşdırmalar nəticəsində 2 min manat pul verərək həyat yoldaşınının qətlini sifariş verən ər və cinayəti törədən tanışı Elşad Həsənov saxlanılıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qətlin sifarişçisi Rüstəm Rzayev sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun Zabrat-Maştağa yolunun üstündə böyük ticarət obyekti var və əsasən meyvə-tərəvəz məhsullarının topdan satışı ilə məşğul olurmuş. Həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan R. Rzayev ondan ayrılmağa qərar verib. Yanvarın 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış. Ərinin ondan boşanmasında israrlı olduğunu görən S. Rzayeva həyat yoldaşından ona məxsus evdən və obyektdən pay verməsini tələb edib. R. Rzayev isə S. Rzayevaya mülklündən pay verməmək üçün onu öldürtmək qərarına gəlib.



11 yanvarda Sumqayıt Dövlət Universitetinin tələbəsi özünü dənizə atıb. İntihar edən Rumiyyə Qasımova universitetin İbtidai metodika fakültəsinin birinci kurs tələbəsi olub. İmtahandan çıxıb evə gedən Rumiyyə Qasımova atasının kəskin iradları ilə qarşılaşıb. Buna dözə bilməyən tələbə qız yaşadığı Saray qəsəbəsindəki evlərini tərk edib və elə o istiqamətdə də özünü dənizə atıb.

Elə həmin gün, Füzulidə qaçqınların müvəqqəti məskunlaşdığı Fin qəsəbəsində bədbəxt hadisə baş verib. 12 yaşlı Ağayev Qara İsmiəli oğlu boğularaq ölüb. Buna səbəb uşağın boğazına yaylıq bağlayaraq oynamağı olub. İki mərtəbəli çarpayının üzərində oynayan uşaq qəflətən yıxılıb və boğazındakı yaylıq taxtaya ilişərək onu boğub.

12 yanvarda Yevlax şəhərindəki 2 saylı musiqi məktəbinin qarşısında elə həmin məktəbdə müəllimə işləyən 35 yaşlı, 2 uşaq anası olan Süleymanova Ahu Nadir qızı məktəbin binası qarşısında qardaşı Hüseynov Veysəl Nadir oğlu tərəfindən bıçaqlanaraq öldürülüb.

İki gün sonra, yanvarın 14-də Tovuzda qardaş bacısını öldürüb qəbiristanlıqda basdırıb. Rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı dünən yaşadığı evdən gedib geri qayıtmamışdı. İlkin məlumatda bildirilirdi ki, Z.Məhərrəmova sonuncu dəfə evdə qardaşı, 1999-cu il təvəllüdlü Səmədov Anar Nizami oğlu ilə olmuşdu. Z.Məhərrəmovanın kiçik qardaşı Anar şübhəli şəxs qismində saxlanılaraq Tovuz Rayon Polis şöbəsinə aparılıb. İlkin ifadəsində qardaşı bacısını öldürərək yaxınlıqdakı qəbiristanlıqda basdırdığını bildirib.

 

Həmin gün Quba rayonunun, Qəşrəşdəki "Retro" istirahət mərkəzində üzərində xəsarətlər olan 35-40 yaşlarında naməlum qadın meyiti aşkarlanıb. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalova olması müəyyən edilib. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tutulub. Hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, meyiti tapılan Könül Zalova qeyri-sağlam həyat tərzi sürürmüş. Məlumata görə, onlar gecəni bir yerdə keçiriblər. E. Əhmədovla K. Zalova arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçsa da tutulub.


17 yanvarda Bakı şəhəri, Nərimanov rayon sakinləri 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviç yaşadıqları evdə qətlə yetiriliblər. Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğundan verilən məlumata görə, yanvarın 19-da saat 03 radələrində 1949-cu il təvəllüdlü Janna Məhərrəmova və oğlu 1982-ci il təvəllüdlü Aleksandr Məhərrəmov öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunan, 1977-ci il təvəllüdlü Ruhin Allahverdiyev tutulub. Məlum olub ki, yanvarın 17-də R.Allahverdiyev əvvəlcədən aralarında olan razılaşmaya əsasən Janna və Aleksandr Məhərrəmovların mənzilində təmir işlərini davam etdirmək adı ilə gələrək özü ilə gətirdiyi çəkiclə ana və oğlununın baş nahiyəsinə çoxsaylı zərbələr endirib onları qəsdən öldürüb. Daha sonra o, J.Məhərrəmovanın çantasından 20 manat, A.Məhərrəmovun portfelindən isə içərisində 200 manat olan pul kisəsini götürüb, mənzilin qapısını açarla bağlayaraq hadisə yerindən qaçıb. Qeyd edək ki, Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri olub. O həm də business-dialogue.az saytının təsisçisi idi.

Yanvarın 18-də Azərbaycanda ad günü şənliyindən qayıdan ailə qəzaya düşüb. Sumqayıtın Heydər Əliyev prospektində "VAZ 21015" və "Geely" markalı iki minik avtomobili toqquşub. Nəticədə "VAZ 21015"də olan sərnişinlərdən 1991-ci il təvəllüdlü Orucov Vüsal İlqar oğlu aldığı xəsarətlərdən ölüb. Sürücü, 1990-cı il təvəllüdlü Bağırov Siyasət Ədalət oğlu, sərnişinlər - 1993-cü il təvəllüdlü Rzayeva Aynurə Camal qızı, 1990-cı il təvəllüdlü Orucov Vüqar İlqar oğlu və onun həyat yoldaşı Orucova Tutu Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Orucova Tutu Ədalət qızı hadisə zamanı yaralanan Vüqar Orucovla evli imiş və qəzadan təxminən 10 gün əvvəl  Əsmər adlı qızları dünyaya gəlib. Qadın fevralın 2-də xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, avtomobildə olan ailə üzvləri ad günü şənliyindən evə qayıdırmış. Qəzada dünyasını dəyişən Vüsal Orucov veb-proqramçı və bir neçə saytın təsisçisi olub. O, həm də Avropa Azərbaycan məktəbində dərs deməyə başlayıbmış. Onun qəzada yaralanan qardaşı Vüqar Orucov isə model və dizayner kimi fəaliyyət göstərir.

19 yanvarda Bakıda qardaş-qardaşı qətlə yetirib. Sabunçu rayonu ərazisində, İlyas Aslanov küçəsində Xəlilov Məlik Ağarəhim oğlu qardaşı tərəfindən qətlə yetirilib. Ürəyindən bıçaqlanan şəxs xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən qardaş saxlanılıb.

Yanvarın 20-də  Tərtər rayon sakini Ziya Əzizovun yaşadığı Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən yataqxanaya verdiyi pul borcunu almağa gəlmiş bacısının əri Bərdə rayon sakini Vasif İsmayılovla aralarında baş vermiş münaqişə zəmində Z.Əzizov bıçaqla V.İsmayılova xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş V.İsmayılov orada ölüb.

21 yanvarda Bakıda azyaşlı uşaq əməliyyat masasında öldü. Nərimanov rayonunda yerləşən “Brizol” göz klinikasında əməliyyat olunan Qusar rayon sakini, 5 yaşlı Yusif İbrahimov əməliyyat masasında dünyasını dəyişib.



22 yanvarda Sumqayıt şəhəri, Corat qəsəbəsində 1992-ci il təvəllüdlü Səbinə Cavanşir qızı Salayeva yaşadığı evdə qətlə yetirilib. Səbinə Salayevanın 26 bıçaq xəsarəti ilə öldürülən meyiti yaşadığı evdən bir neçə metr aralıda tapılıb. Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. İlkin ehtimala görə, hadisəni törədən şəxs qızı sevdiyini dilə gətirib, əks tərəfdən yox cavabı alandan sonra onu xüsusi amansızlıqla qətlə yetirib.

Yanvarın 26-da Daşkəsəndə vəzifəli şəxslər yol qəzasında öldü. Rayonunun Bayan kəndində “Niva Chevrolet” markalı avtomobilin körpüdən aşması nəticəsində sürücü və sərnişin hadisə yerindəcə keçinib. Hadisə zamanı ölən şəxslərin Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin müdiri Elvin Haqverdiyev və rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Hacı Məmmədov olduğu müəyyən edilib.

29 yanvarda Ağdaşda 5 nəfərin öldüyü, 7 nəfərin yaralandığı dəhşətli yol qəzası baş verib. Yanvarın 29-da saat 19 radələrində Ağdaş-Mingəçevir yolunun 14-cü kilometrliyində, Nemətabad kəndi ərazisində “Dodge” markalı avtomobilin sürücüsü Orucov Zaur Eldar oğlu sərxoş vəziyyətdə avtomobili yüksək sürətlə idarə edərək "Niva" markalı avtomobillə toqquşub. Bundan sonra arxadan gələn "VAZ-21015" markalı avtomobil də müvazinəti itirərək onlara çırpılıb. Qəza nəticəsində "Niva"da olan 3 şəxs hadisə yerindəcə keçinib. "Dodge" markalı avtomobilin sürücüsü və eyni zamanda bəy olan Orucov Zaur, "VAZ-21015" markalı avtomobildəki sərnişinlərdən biri - Mustafayeva Fərqanə İlham qızı da qəza zamanı dünyasını dəyişib, 7 nəfər yaralanıb.

29 yanvarda Xətai rayonu ərazisində 32 yaşlı Aygün Ələkbərova həyat yoldaşının əmisi Hökməli Fətəliyevi bıçaqlayıb. Qadın ifadəsində kirayə qaldığı evinə sərxoş vəziyyətdə gələn qohumunu ona qarşı zorakılıq hərəkətləri etdiyi üçün bıçaqladığını bildirib.

Fevralın 8-də Azərbaycanda babanın 16 yaşlı nəvəsini amansızcasına qətlə yetirməsi də uzun müddət yaddaşlardan silinmədi. Bakının Binəqədi rayonunda Ağdam rayonundan olan məcburi köçkün, 2000-ci il təvəllüdlü Tural Mübariz oğlu Bayramov xüsusi amansızlıqla qətlə yetirilib. Həyata keçirilən tədbirlər nəticəsində qətlin törədilməsində şübhəli bilinən, T. Bayramovun babası Rafiq Bayramov saxlanılıb. İstintaqa ifadə verən Rafiq Bayramov hadisədən bir neçə gün əvvəl Rəsulzadə qəsəbəsində yaşayan qızının evinə gəldiyini söyləyib. O, yeniyetmə nəvəsi Tural Bayramova evə gec gəlməsinə və anasının sözünə baxmamasına görə onu danlayıb. Nəsihətə qulaq asmayan nəvəsi onu söyəndə Rafiq Bayramov əlini qana bulayıb. Hadisədən sonra nəvəsinin meyitini parçaya bükərək çarpayının altında gizlədən baba yaşadığı Ağdam rayonunun Çəmənli kəndinə gedib. Meyit isə bir neçə gün orada qalıb. Yeniyetmə Tural Bayramovun anası və bacısı isə onu evə gəlmədiyi üçün axtarmağa başlayıblar. Yenidən Bakıya qayıdan Rafiq Bayramov isə evdə özünü heç nədən xəbərsiz kimi aparıb. Sonra isə nəvəsinin meyitini maşınına mindirərək Ağdamda basdırmağa aparıb. Hadisədən xəbər tutan Binəqədi polis və prokurorluq əməkdaşları dərhal rayona gedərək Rafiq Bayramovu cinayəti törətməkdə şübhəli bilinən şəxs qismində saxlayıblar.

9 fevralda Bakıda 23 yaşlı qızın canına qəsd etməsi hər kəsi üzdü. Yeni Yasamal 2, bina 5 ünvanında yaşayan Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Nigar Tahir qızı  Vahabova  yaşadığı evin yataq otağında özünü asaraq intihar edib. İctimai televiziyanın aparıcısı Aytac Vahabova bacısı olan Nigar Vahabova Kooperasiya Universitetinin maliyyə fakültəsinin qiyabi şöbəsinin dördüncü kursunda oxuyurdu.

Fevralın 10-da saat 22 radələrində 1977-ci il təvəllüdlü Sədaqət Əsgərovanın Binəqədi rayonu ərazisində mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1994-cü il təvəllüdlü Fərahim Qədirov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. F.Qədirov polisə verdiyi ilkin ifadəsində qadını elektrik naqili ilə boğduğunu bildirib. Məlumata görə, Fərahim Qədirov özündən 17 yaş böyük olan Sədaqət Əsgərov ilə sevgili imiş. Öldürülən qadın gözəllik salonu işlədirmiş.

11 fevralda Ağcabədidə 60 yaşlı qadının qətlə yetirilməsi də uzun müddət dillərdən düşmədi. Rayon sakini 1956-cı il təvəllüdlü Kamilə Əhmədova yaşadığı Üzeyir Hacıbəyov 13 ünvanında ütü ilə başından vurularaq naməlum şəxs tərəfindən qətlə yetirilib. Baş Prokurorluğun məlumatına görə, həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin Ağcəbədi şəhər sakinləri, 1983-cü il təvəllüdlü Cəlal Mənsimov və 1985-ci il təvəllüdlü Samir İsayev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından,onlar fevralın 14-də tutularaq istintaqa cəlb olunub. İstintaqla müəyyən edilib ki, fevralın 10-da C.Mənsimov S.İsayevlə  qabaqcadan əlbir olaraq tamah məqsədilə  K.Əhmədovanın yaşadığı evə daxil olmaqla bıçaq və ütü  ilə  onun baş nahiyəsinə çoxsaylı  xəsarətlər yetirərək  qəsdən öldürüb, daha sonra mənzildə qızıl və digər qiymətli əşyaların axtarışı nəticəsiz qaldığından onlar hadisə yerini tərk edib. Rayonda həkim kimi çalışan qadının övladlarının Bakıda yaşadığı bildirilir.


12 fevralda Qusarda evli kişinin hamamda yad qadınla meyiti tapıldı. Hil kənd sakinləri 25 yaşlı Mustafayev Rəşad Bəxtiyar oğlu münasibətdə olduğu 32 yaşlı Maksimova Zoya Dünyaməddin qızını yeni tikilən, ancaq hələ yaşayış olmayan evinə dəvət edib. Onlar hamam otağında olduqları zaman dəm qazından boğulublar. Qeyd edək ki, Rəşad Mustafayev evli olub və 2 uşağı var. Zoya Maksimova isə həyat yoldaşından ayrılıb, 1 övladı var.

Fevralın 16-da Beyləqanda baş verən tükürpədici hadisə hamını şoka saldı. Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərov 6 yaşlı, I sinif şagirdi olan oğlu Ümid İsgəndərovun boğazını kəsərək öldürüb, daha sonra qaçıb. Qətli törədən Zahid İskəndərov bir neçə il qeyri-rəsmi nikahla bir yerdə yaşadığı Mahirə Abışova ilə ayrılıb. İki oğul övladı ilə atası evinə geri dönən Mahirə dəfələrlə həyat yoldaşının təzyiqləri ilə üzləşib. Sonuncu dəfə Zahid İskəndərov Mahirə Abışovanın atası evinə gələrək uşaqları ondan məcbur alaraq aparıb. Ancaq bir müddətdən sonra Zahid İskəndərov uşaqların hər ikisinə baxa bilmədiyinin fərqinə varıb. Bu səbəblə o, kiçik oğlunu anasına qaytarıb. Bununla kifayətlənməyən ata bir neçə dəfə Mahirə Abışovaya zəng edərək 7 yaşlı oğlunun başını kəsəcəyi ilə hədələyib. O, gecə saatlarında oğlunu aldadaraq evdən kənarlaşdırıb və kəndin yaxınlığındakı meşə massivində onun başını bıçaqla kəsib. Övladını amansızlıqla öldürən Zahid İskəndərovun ikinci ailəsi də var.



22 fevralda Gəncədə Azərbaycan çempionu qətlə yetirilib. 1982-ci il təvəllüdlü Cəlilov Elmir Elqədər oğlunun odlu silahla qətlə yetirilməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Tağıyev Anar Şahin oğlu tutulub. Qeyd edək ki, E.Cəlilov kikboksinq üzrə ikiqat Azərbaycan çempionudur.

Elə həmin gün Gəncədə daha bir dəhşətli hadisə baş verib. Kəpəz rayonunda 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova 9 aylıq oğlu Elmir Telman oğlu Hüseynovu həyətdəki su quyusuna atıb. Körpə orada boğularaq ölüb.

Beynəlxalq Qadınlar Günündə, 8 martda Yevlax rayonunda qətl hadisəsi törədilib. Xaldan qəsəbəsində, məscidin yaxınlığındakı qəssabxananın qarşısında səsəbə sakini, 1941-ci il təvəllüdlü Rüstəmov Adil Qulu oğlu ilə, qəssabxananı işlədən Ərəş kənd sakini Rzayev Musa Qulu oğlu arasında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. Sələm məsələsinə görə tərəflərin mübahisəsi son həddə çatıb. Nəticədə Rzayev Musa Qulu oğlu saxladığı tüfənglə 75 yaşlı qocanın sinə nahiyəsinə atəş açıb. Adil Rüstəmov aldığı güllə yarasından yerindəcə keçinib. Qətli törədən Musa Rzayev isə könüllü olaraq polisə təslim olub.

Martın 9-da Bakıda bir ailə dəm qazının qurbanı olub. Binəqədi qəsəbəsində yaşayanlar - Xaliq Rüstəmov, arvadı Aynur, qızı Elnarə və oğlu İlkin mənzillərində dəm qazından zəhərləniblər. Xaliq və Aynur Rüstəmovlar evdə ölüb, uşaqları Elnarə və İlkin xəstəxanaya yerləşdiriliblər.

14 martda Yevlaxda 86 yaşlı qadın qətlə yetirilib. Rayonda məcburi köçkünlərin məskunlaşdığı 32-ci məhəllə adlanan ərazidə 86 yaşlı şəhid anası, Maral Nəsibova qətlə yetirilib. Hadisəni əvvəlcədən planlaşdıran Aqil İsmayılov tənha qadının qapısını döyüb. Qadın qapını açdıqdan sonra içəri daxil olaraq ondan pul tələb edib. Maral Nəsibova pulu olmadığını bildirdikdə isə Aqil İsmayılov onun sifət və baş nahiyəsinə zərbələr endirib. Daha sonra mərhumu öz yaylığı ilə boğaraq qətlə yetirib. Saxlanılan şəxs evdən qızıl-zinət əşyaları, 340 manat məbləğində pul və pensiya kartını götürdüyünü etiraf edib. Hadisəni törədən şəxsin 2 övlad atası olduğu bildirilir.

Elə həmin gün Qazaxda 77 yaşlı kişi və 75 yaşlı qadın qətlə yetirilib. Dünya Bakıxanova və Nəriman Osmanov rayonun Cəfərli kəndində uzun illərdir qeyri-rəsmi nigah münasibətində yaşayırmış. Hadisə baş verən kənd sakini Sülhiyyə Mustafayeva bildirib ki, qonşularının evin pəncərələrinin açıq olduğunu, şüşələrinin sındığını görüb. Dərhal kəndin icra nümayənədəsini məlumatlandırıb. Hadisə yerinə baxış keçirilən zaman ər və aravadın öldürüldüyü müəyyənləşib.

Martın 17-də Bakıda bir sillə ölümə səbəb olub. Xəzər rayonunun Buzovna qəsəbəsində epilepsiya xəstəsi olan Aslan İsmayılovun evində tanışı Elvin Əliyevlə aralarında münaqişə baş verib. E.Əliyev sillə ilə A.İsmayılovu vurub. Zərbədən sonra yıxılan A.İsmayılov çırpınmağa başlayıb və dili dolanıb, onun həyatını xilas etmək mümkün olmayıb.

Bir gün sonra, 18 martda baş verən Ucardakı qətl hadisə uzun müddət unudulmadı. Rayon sakini, 1985-ci il təvəllüdlü Ramil Nəsirov toy günündə 1999-cu il təvəllüdlü Səbinə Rəhimovanı bıçaqlayaraq öldürüb. Əvvəllər məhkum olunan şəxsin qətli qısqanclıq zəminində törətdiyi bildirilir.

Həmin gün Bakıda azyaşlı binanın 6-cı mərtəbəsindən yıxılıb. Binəqədi rayonunun Cavadxan küçəsində, azyaşlı Ələkbər Zərbəliyev yaşadığı evin pəncərəsindən (6-cı mərtəbədən) yıxılaraq ölüb.

23 martda Lənkəranda 4 piyada ölüb. Lənkəran-Boradigah şosesinin, şəhərin elektrik şəbəkəsi ərazisindən keçən hissəsində Astara rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Həsənov idarə etdiyi “VAZ-21099 markalı” minik avtomobili ilə yoldan keçən 4 piyadanı vurub. Daha sonra avtomobil ağaca çırpılıb. Qəza zamanı piyadalardan, Lənkəran şəhər sakinləri, 1995-ci il təvəllüdlü Əli Cəbrayılov, 1979-cu il təvəllüdlü İmran İsmayılov, 1988-ci il təvəllüdlü Elvin Hüseynov aldıqları çoxsaylı bədən xəsarətləri nəticəsində ölüblər. Sürücü və daha bir piyada, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Səbuhi Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında yerləşdiriliblər. Səbuhi Əliyev isə xəstəxanada dünyasını dəyişib.

25 martda Sumqayıtda 27 yaşlı Namiq Əlibaba oğlu Məmmədov doğulduğu gün qətlə yetirilib. Hadisə şahidləri bildirir ki, mərhum gənc işdən qayıdarkən siqaret almaq üçün məhəlləyə yaxın ərazidə dükana girib. Mağazadan çıxan Namiqə 3 şəxs yaxınlaşıb və siqaret istəyiblər. Namiq Məmmədovun onlara siqaret vermək istəməməyi mübahisəyə səbəb olub. Beləliklə, mərhumu təqib edən həmin şəxslər həyətə girənə qədər onu söyüb təhqir ediblər. Təhqirlərdən bezən Namiq həyətə girən kimi, blokun önündə dayanan 4 qonşunu köməyə çağırıb. Qonşuların mübahisəyə müdaxiləsi vəziyyəti daha da ağırlaşdırıb. Belə ki, siqaret arzusunda olan şəxslərdən biri - 1996-cı il təvəllüdlü Babək Atamalıyev üzərində gəzdirdiyi bıçağı çıxararaq Namiqi vurub və qaçıb. Namiq aldığı dərin bıçaq zərbəsindən bir neçə dəqiqə sonra, anasının qucağında keçinib. Qonşuların iddiasına görə, Namiqi öldürəndən sonra qatil və onun yanındakı digər şəxslər növbəti cinayəti törədiblər. Qonşu məhəlləyə qədər qaça bilən şəxslər dükan yarıblar və məhz bu zaman polis tərəfindən tutulublar.

Martın 26-da Lənkəranda bir ay sonra toyu olacaq sürücü qəzada öldü. Lənkəran şəhəri, H.Əliyev prospekti 73 saylı ünvanda yaşayan 23 yaşlı Məmmədli Nəriman Seyran oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olduğu zaman idarəetməni itirərək yol kənarındakı iri gövdəli iki ağaca və beton maneəyə çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib.


31 martda Göyçayda qayın bacısından boşanmaq istəyən yeznəsini bıçaqlayıb. Rayon sakini, 30 yaşlı Müşfiq Allahverdiyev ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısının əri, Potu kənd sakini 30 yaşlı İlqar İsgəndərovu döş qəfəsi və ayaq nahiyəsindən 3 bıçaq xəsarəti yetirib. Hadisə İlqar İsgəndərova məxsus məişət avadanlıqları mağazasının qarşısında baş verib. Məlumata görə, hadisə zamanı Müşfiq Allahverdiyev şəxsi avtomobilindəki dəmir əşya ilə mağazanın şüşələrini də sındıraraq qaçıb. Hadisəyə İlqar İsgəndərovun Müşfiq Allahverdiyevin bacısı olan həyat yoldaşı ilə aralarındakı ailə münaqişəsindən sonra boşanma üçün məhkəməyə müraciət etməsi səbəb olub.

Elə həmin gün Ağstafada ata 6 yaşlı balasının canına qıyıb. Qırlı kəndində Pərvanəyev Famil 6 yaşlı oğlu Şəmistanı qətlə yetirib. Məlumata görə, Famil Pərvanəyev 3 yaşlı bacısı ilə həyətdə oynayan 6 yaşlı Şəmistanı ağac parçası ilə ölümcül döyüb. Hətta evində yaşadığı qaynanasını da vurub. Qadın dərhal 6 yaşlı nəvəsini qonşuya qaçırıb. Lakin azyaşlının həyatını xilas etməyə çalışsalar da buna nail ola bilməyiblər.Qırılı kənd icra nümayəndəyi Elxan Qurbanov ATV.az-a bildirib ki, Famil Pərvanəyevin Qazaxda rəsmi nikahda olduğu həyat yoldaşı və iki uşağı var. Bir niçə ilə bundan öncə isə Jalə Musayeva ilə qeyri-rəsmi yaşamağa başlayıb. Onların da iki övladı olub – bir oğlu və bir qızı. Tüfeyli həyat tərzi sürən Famil Pərvanəyev dəfələrlə qaynanasını, həyat yoldaşını və uşaqlarını döyməkdən çəkinməyib. O, ikinci ailəsi ilə birgə bir müddət Bakıda və Qazaxda yaşayıb. Novruz bayramı vaxtı isə Ağstafanın Qırılı kəndinə, qayanasıgilə gəlib. Ailə ilə birgə bir müddətdir orada yaşayırmış.

28 apreldə ata oğlunun sevgilisini öldürdü. Suraxanı rayonun Bülbülə qəsəbəsində Yuri Raskov oğlu ilə qeyri-rəsmi nikahda olduğu 1982-ci il təvəllüdlü İnna Berezuyevanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib. Bildirilir ki, hadisəni törədən Y.Rojkovun həyat yoldaşı 1 ilə yaxındır vəfat edib. Onun böyük oğlu isə 15 yaşından ruhi əsəb xəstəxanasındadır. Özünün də ruhi-əsəb problemləri olan 64 yaşlı kişi bir müddət əvvəl dispanserdə müalicə olunurmuş. Onun kiçik oğlu Valeri isə anasının vəfatından sonra sevgi münasibətində olduğu İnnanı evə gətirib. Avtomobil və motosiklet təmiri ilə məşğul olan 25 yaşlı Valeri 1 ay əvvəl dispanserdə müalicə olunan atasını evə gətirərək normal həyata qayıtmasına kömək etmək istəyib. Maddi imkanı o qədər də yaxşı olmayan gənc oğlan imkan tapıb evi də təmir etdirib. Qonşularının bildirdiyinə görə, Rojkov ailəsində irsi ruhi xəstəlik olub. Bununla belə, qonşular evin kiçik oğlu olan Valerini zəhmətkeş, sakit təbiətli şəxs kimi xarakterizə ediblər.



4 mayda Tovuzda üzərinə isti yemək aşıran azyaşlı qız dünyasını dəyişib. Rayonun Hunanlar kəndində 3 yaşlı Aysu Bağırzadə masa üzərinə qoyulan isti xörəyi üzərinə aşırıb. Nəticədə qol, qarın nahiyələrindən yanıq xəsarətləri alan qızcığaz Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

5 mayda Zeynalabdin Tağıyev küçəsi 79 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Şıxverdiyev Rafiq Məhəmməd oğlu qonşusu 1936-cı il təvəllüdlü İbrahimxəlilova Fatma Ramazan qızının boğazını kəsərək qətlə yetirib.

Mayın 8-də Gəncə sakini keçmiş həyat yoldaşını küçədə öldürdü. Mayın 8-i, axşam saat 21 radələrində Gəncə şəhər sakini, 23 yaşlı Samirə Həsənova bədənin müxtəlif nahiyələrinin coxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Xəstənin həyatını xilas etmək mümkün olmayıb. 2 azyaşlı oğlu olan Həsənovanın 31 saylı orta məktəbin yaxınlığında keçmiş həyat yoldaşı Gəncə şəhər sakini, 28 yaşlı Rövşən Ələsgərov tərəfindən bıçaqlandığı bildirilir. Şəxs polis tərəfindən saxlanılıb.

9 mayda Bakıda “İŞİD” üzvü olduğunu deyən şəxs 8 yaşlı uşağı girov götürüb. Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlının oğlunu girov götürərək azad etməsi müqabilində pul tələb edən Elnur Məmmədov tutulub. Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci PB-yə müraciət edərək mayın 9-da 8 yaşlı oğlu Hüseynin evdən çıxaraq geri qayıtmamasını bildirib. Aparılmış araşdırmalarla özünü “İŞİD” üzvü kimi təqdim etmiş şəxsin E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürməsi, azad edilməsi müqabilində 30000 manat pul istəməsi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağını deməsi müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini Elnur Məmmədov tutulub, şəhərciyin ərazisində yerləşən 2 mərtəbəli tikintisi başa çatmamış tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib.

1 iyun, Beynəlxalq Uşaqlar Günündə Binəqədi rayonunda uşaq oğurluğu faktı qeydə alınıb. 23 yaşlı Sənan Qasımzadə “TOPAZ” mərc oyunlarında 50 min manat uduzduğundan ayrı-ayrı şəxslərə yarandığı borcu ödəmək üçün azyaşlı məktəbli Cəfər Qasımovu həyətlərindən oğurlayıb. O, azyaşlının dənizkənarı Milli Parka aparacağı adı ilə aldadaraq naməlum istiqamətdə aparıb. Daha sonra Sənan Qasımzadə Cəfərin mobil telefonu ilə uşağın anasına zəng edərək 20 min manat müqabilində Cəfəri Qasımovu azad edəcəyini bildirib. Lakin bu barədə polisə məlumat verməməyi tapşırıb. Aparılan əməliyyat nəticəsində onların yeri məlum olunaraq, Cəfər Qasımov xilas edilib. Sənan Qasımzadə isə saxlanılıb.

2 iyunda Gədəbəydə yaşlı ər-arvad qətlə yetirilib. Rayonun Söyüdlü kəndində 74 yaşlı Səyyad Ələsgərov və onun həyat yoldaşı 88 yaşlı Bəsti Alıyevanın üzərində zorakılıq əlamətləri olan cəsədləri yaşadıqları evdə aşkarlanıb.

4 iyunda Şirvanda doğum evinin baş həkiminin evinə basqın edilib. Doğum evinin baş həkimi Sevda Həsənovanın fərdi yaşayış evinə 3 nəfər maskalı şəxs daxil olub. Həmin vaxt evdə tək olan baş həkimin qaynanası - Sudsa Bəylərovanın ağzını bağlayan maskalı şəxslər evi axtraraq, oradan 25 min manat dəyərində qızıl-zinət əşyaları götürərək, aradan çıxıblar. Quldurluq edən şəxslər yaşlı qadına xəsarət də yetiriblər. Qeyd edək ki, bundən öncə də həmin mənzilə naməlum şəxslər tərfindən basqın olunub.

İyunun 8-də Şamaxıda qardaş-qardaşı qətlə yetirib. Şəhərin Hüseyn Ciddi küçəsində 45 yaşlı Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəmnində ov tüfəngi ilə qardaşı 49 yaşlı Rəşidov Azər Əli oğlunu güllələyib. Ağır xəsarətlər alan iki uşaq atası hadisə yerindəcə dünyasını dəyişib. Olay zamanı əlində silah olan Azad Rəşidzadə qarşısını kəsən həyat yoldaşı İbadova Möminə Əlişah qızına da atəş açıb. Qolundan yaralanan qadın Şamaxı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Məlumata görə, uzun illərdir ki, Rusiyada yaşayan Azad Rəşidzadə bu günlərdə bacısı oğlunun toy mərasimində iştirak etmək üçün Şamaxıya gəlibmiş.

9 iyunda Samuxda qardaş bacısını öldürüb. Rayonun Hacıalılı kəndində 32 yaşlı Cavad Həsənov bacısı 30 yaşlı Gülnarə Həsənovaya boğaz nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub. Nəticədə qadın hadisə yerində dünyasını dəyişib. Məlumata görə, Cavad Həsənovun iki övladı var və o, cinayəti törədən zaman içkili olub. Qətl hadisəsi isə Gülnarə Həsənovanın övladının gözü qarşısında törədilib. Yaxınlarının sözlərinə görə, bacı-qardaş arasında münasibətlər bir müddət əvvəldən pozulub. Bir neçə dəfə mübahisələri olsa da bu dəfə içkili vəziyyətdə toydan qayıdan qardaş bacısını qətlə yetirib.

21 iyunda Salyanda yeni doğulan üçəm körpələr ölüb. Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində yeni doğulan üçəməkizlərdən ikisi vəfat edib. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Salyan şəhər sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 20-də saat 19:00-da rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə qəbul edilib və saat 21 radələrində 3 oğlan uşağı sağlam doğularaq yeni doğulan körpələr üçün nəzərdə tutulan küves aparatına yerləşdirilib. Gecə saatlarında naməlum səbələrdən körpələrdən 2-si vəfat edib və təxminən həmin radələrdə xəstəxananın işıqları sönüb. Fakta bağlı cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizaları təyin edilib. Sağ qalan körpə paytaxta gətirilərək xəstəxanalardan birinə yerləşdirilsə də, bir neçə gündən sonra dünyasını dəyişib.



24 iyunda Bakıda qadının ayağının səhv kəsilməsi hadisəsi uzun müddət müzakirə edildi. İyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən 1929-cu il təvəllüdlü Bakı şəhər sakini Məmmədova Tərlan Həsən qızının Səhiyyə Nazirliyinin "Xüsusiləşdirilmiş Angioloji Mərkəz"ində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyə əməliyyatı olunarkən sol ayağı amputasiyası edilməli olduğu halda, sağ ayağı amputasiya edilməklə sağlamlığına ağır zərər vurulmasına dair Yasamal Rayon Prokurorluğuna daxil olmuş məlumat araşdırma aparılır. Bir neçə gün sonra qadının sol ayağı da kəsilib. 87 yaşlı Tərlan Həsən qızı Məmmədova iyulun 31-də dünyasını dəyişib.

26 iyunda Ağcabədidə dəhşətli qətl hadisəsi baş verdi. 1970-ci il təvəllüdlü Quliyev Ələsgər Əşrəf oğlu həyat yoldaşı, 1976-cı il təvəllüdlü Səfərova Raifə Ənvər qızını, qayınanası, 1954-cü il təvəllüdlü Səfərova Nazilə Savalan qızını və qayınatası, 1949-cu il təvəllüdlü Səfərov Ənvər Cənnətalı oğlunu qətlə yetirdikdən sonra özünü ov tüfəngindən atəş açmaqla öldürüb.

Davamı olacaq...

Günay Məryəm / ATV.az


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
22.12.2016 10:55
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Demo-SOS

REDAKTORUN SEÇİMİ