ritn
ritn
ritn
23 Iyun 2017
Cümə


Sui-qəsd nəticəsində öldürülən siyasətçilər - Erməni terroru...

18:44

Ötən gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun silahlı hücum nəticəsində öldürülməsi bütün dünyanı çox təəccübləndirdi. Səfirin öldürülməsinin çox ağır cinayət olduğu hamıya məlumdur.

Dünyada səfirlik binalarına qarşı hücumlar çox olub. Xüsusilə terrorçuların diplomatik nümayəndəliklər önündə həyata keçirdikləri terror hadisələri nəticəsində minlərlə insan həyatını itirib. Qardaş Türkiyə dünyada ən çox diplomatına hücum edilən ölkədir. Bu hücumların çoxunu erməni terror təşkilatları törədib. Bunlardan biri də “ASALA”-dır. 

1975-ci ildə Livanda gedən vətəndaş müharibəsinin gedişatında Beyrut şəhərində Agop Agopyan tərəfindan yaradılan “ASALA” 10 il boyunca 21 ölkədə 110 silahlı hücum reallaşdırıb və 42 türk diplomatını öldürüb. Parisdə Türk Hava Yollarını bombalayan təşkilat üzvlərinə 30 ay cəza verilib. 1983 iyulunda reallaşan Orly Hava Limanı hücumunda 8 adamı öldürüb, 52 adamı yaralayan “ASALA”, Avropa tərəfindən də terror təşkilatı olaraq qəbul edilib. Bundan sonra mətbuat konfransı təşkil edən “ASALA”,  PKK ilə əməkdaşlıq edəcəklərini elan edib. 

“ASALA” müstəqil Ermənistan dövləti qurmaq, qonarama "erməni soyqırımı" iddialarını Türkiyə hökumətinə qəbul etdirmək, Türkiyəyə təzminat ödətdirmək və “Böyük Ermənistan” layihəsini reallaşdırmaq üçün mübarizə aparıb. Ancaq etdikləri hücumlara baxmayaraq, heç zaman qardaş Türkiyənin əzmini qıra və arzularını reallaşdıra bilməyiblər. 

Türk Diplomatlara edilən hücumların bəziləri:

27 yanvar 1973-cü il – Los-Ancelesdəki (ABŞ) Baş Konsul Məhməd Baydar və konsul Bahadır Dəmir, 78 yaşlı amerikan əsilli erməni Gurgen (Karakin) Yanikiyan tərəfindən öldürülüb. 

22 oktyabr 1975-ci il - Türkiyənin Vyanadakı (Avstriya) səfiri Daniş Tunalıgil 3 təcavüzkar tərəfindən öldürülüb.

24 oktyabr 1975-ci il - Türkiyənin Paris (Fransa) səfiri İsmayıl Erez və sürücüsü Talib Yener, səfirlik yaxınlığında öldürülüb.

16 fevral 1976-cı ilə - Türkiyənin Beyrut (Livan) səfirliyiin Baş katibi Oktar Cirit öldürülüb. “ASALA” ilk dəfə bu cinayətlə adını tanıdıb.

9 İyun 1977-ci il - Türkiyənin Vatikan  (İtaliya) səfiri Taha Carım, səfirlik iqamətgahının qarşısında iki terrorçu təşkilat üzvünün açdığı atəş nəticəsində öldürülüb. Hücumu bu dəfə "Erməni Soyqırımı Ədalət Komandoları" adlı təşkilat boynuna götürüb.

2 iyun 1978-ci il - Türkiyənin Madrid (İspaniya) səfiri Zəki Kuneralpın xidməti maşınının 3 terrorçu tərəfindən atəşə tutulması nəticəsində səfirin həyat yoldaşı Necla Kuneralp ilə təqaüddə olan səfir Bəşir Balcıoğlu həyatlarını itirib. Hücumu "Erməni Soyqırımı Ədalət Komandoları" adlı təşkilat törədib. Bu hadisədə ispan sürücü Atonyo Torres də güllələrə hədəf olub.

12 oktyabr 1979-cu il -  Türkiyənin Lahey (Niderland) səfiri Özdəmir Benlerin oğlu Əhməd Benler, silahlı hücum nəticəsində öldürülüb. Hadisəni bu dəfə həm "Erməni Soyqırımı Ədalət Komandoları", həm də “ASALA” ayrı-ayrılıqda üstlənib.

22 Dekabr 1979-cu il - Türkiyənin Parisdəki (Fransa) Turizm Müşaviri Yılmaz Çolpan silahlı hücum nəticəsində öldürülüb. Hücumu yenə "Erməni Soyqırımı Ədalət Komandoları" təşkilatı boynuna götürüb.

31 İyul 1980-ci il  - Türkiyənin Afina (Yunanıstan) səfirliyinin İnzibati Attaşesi Qalib Özmen ilə 14 yaşlı qızı Neslihan Özmen silahlı hücum nəticəsində öldürülüb. Qalib Özmenin həyat yoldaşı Sevil Özmen və oğlu Kaan Özmen isə hadisə nəticəsində xəsarət alıb. Hücumu “ASALA” törədib.

17 Dekabr 1980-ci il - Türkiyənin Avstraliyadakı baş konsulu Şarık Ariyak ilə mühafizəçisi Engin Sever öldürülüb.

6 fevral 1980-ci il - Türkiyənin İsveçrədəki səfiri Doğan Türkmən, Berndə hücuma məruz qalsa da, heç bir xəsarət almadan xilas ola bilib.

17 aprel 1980-ci il - Türkiyənin Vatikan səfiri Vecdi Türelin xidməti maşını atəşə tutulub. Türeli və mühafizəçisi Tahsin Güvenç hücum nəticəsində xəsarət alıblar.

26 sentyabr 1980-ci il - Türkiyənin Paris (Fransa) səfirliyinin Mətbuat müşaviri Səlcuq Bakkalbaşı silahlı hücum nəticəsində yaralanıb.

4 Mart 1981-ci il - Türkiyənin Paris (Fransa) səfirliyinin İş Attaşesi Reşat Moralı ilə din xadimi Təcəlli Arı, Əmək Attaşeliyi qarşısında hücuma məruz qalıblar. Reşad Moralı hücum zamanı həyatını itirib, din xadimi Arı isə ağır yaralı olaraq aparıldığı xəstəxanada ölüb. Hücumu “ASALA” boynuna götürüb.

Dünyada müxtəlif illərdə də diplomatlar öldürülüb:

1829-cu ildə Rusiyanın səfiri Aleksandr Qriboyedov Tehrandakı səfirliyin qarşısında dini fanatiklər tərəfindən öldürülərək cəsədi Tiflisə aparılıb. 

1923-cü ilin 10 mayda İsveçrənin Lozanna şəhərində SSRİ səfiri Voçlav Vorovskiy öldürülüb.

1926-cı ilin 5 fevralında Moskva-Riqa qatarında SSRİ-nin Litvadakı səfiri Teodor Netten öldürülüb.

1927-ci ilin 7 iyununda SSRİ-nin Polşadakı fövqəladə və səlahiyyətli səfiri Pyotr Voykov Varşavada qətlə yetirilib.

1927-ci ilin 13 dekabrında Çinin Quançjou şəhərində konsulluğa hücum olub və içəridəki bütün diplomatlar əsir götürülüb. Səfirliyin beş əməkdaşı güllələnib, əsir götürülən səfirlərdən biri isə yoxa çıxıb.

1986-cı ilin 16 sentyabrında Pakistanın paytaxtı İslamabadda SSRİ-nin hərbi attaşesi Fyodor Qorenkov öldürülüb. 

2003-cü ilin 28 martında Kot-Divuarın paytaxtında Səudiyyə Ərəbistanının səfiri Məhəmməd Əhməd Rəşid öldürülüb.

2003-cü ilin 29 dekabrında Fransanın Brundiya əyalətində əslən İrlandiyalı Vatikan səfiri Maykl Kortni sui-qəsd nəticəsində ölümcül yaralanıb və xəstəxanada ölüb.

2005-ci ilin 2 iyulunda Misirin İraqdakı səfiri İxab aş Şerif Bağdaddakı evindən qaçırılaraq öldürülüb, cəsədi isə tapılmayıb.

2005-ci ilin 27 iyulunda Əlcəzairin İraqdakı səfiri Əli Belarus edam edilib. Onunla birlikdə olan attaşe İzəddin Belkadi Bağdaddakı diplomatik nümayəndəliyə qaçırılıb. Terroristlərin Əl-Qaidə ilə iş birliyində olduğu açıqlanıb.

2008-ci ilin 20 sentyabrında Pakistanın İslamabad şəhərində terrorçular “Marriot” otelini partlatmışdılar. Oteldə 50-yə yaxın ölən arasında Çexiya səfiri İbo Jdyarek də var idi. Terroru islami qrupu Fadayeen İslam gerçəkləşdirib.

2012-ci ilin 27 iyulunda Venesualının Keniyadakı səfiri Olqa Fonseka öz evində öldürülüb.

2012-ci ilin 11 sentyabrında ABŞ-ın Liviyadakı səfiri Con Xristofer Stevens ABŞ-ın Benqazidəki konsulluğuna qarşı hücum nəticəsində boğularaq öldürülüb. Səfirlikdə işləyən daha üç nəfər hadisə nəticəsində həlak olub. 

2013-cü ilin 9 sentyabrında Rusiyanın Abxaziyadakı Konsulluğunun birinci katibi vitse-konsul Dmitriy Vişernev Suxumidə öldürülüb.

Rusiyalı səfirin öldürülməsi dünyada təəccüblə qarşılansa da, tarix boyunca illər, əsrlər öncə də siyasətçilərə qarşı sui-qəsdlər həyata keçirilib. Onlardan tarixə damğasını vuran bəzi hadisələri təqdim edirik:

Yuli Sezar sui-qəsdi

Yuli Sezar – eramızdan əvvəl 49-44-cü illərdə Roma imperatoru olub. O, çox xəyanətlərin şahidi olmuşdu. Onu düşmənləri yox, ən yaxın silahdaşı Brut öldürüb. Sezar onu xəncərlə vuran adamın Brut olduğunu görəndə təəccüblə “Brut sən də?” deyə bilib. Brut Sezara 35 xəncər zərbəsi vuraraq elə taxında öldürüb. Roma tarixində Senatda görünməmiş bir hadisə baş vermişdi. 

 

Çar II Aleksandr sui-qəsdi

İnqilabçılar diktator adlandırılan Çar II Aleksandrı öldürmək üçün 3 hücum həyata keçiriblər. İlk sui-qəsd üçün onun at arabasının altına bomba atılıb. Bomba partlayıb, ancaq atlar ölüb, Aleksandr isə o zaman III Napoleon tərəfindən ona hədiyyə edilən arabada olub. Sui-qəsdçilərin inadla özünü öldürməyə çalışdıqlarını ən sonda anlaya bilən Çar, canını qurtarmaq üçün Millət Məclisin qurulmasını qəbul etmək məcburiyyətində qalıb. Xalqın dövlət işlərinə qarışmasını təmin edəcək olan bu qərarı Çar II Aleksandr 1 Mart 1881-də imzalayıb. Sabahısı gün nəşr olunaraq xalqa yeni bir nizamın qurulduğu bildiriləcəkdi. Lakin Çar çox gec qalmışdı. Bu qərarı yaxınlarına və nazirlərinə xəbər verdikdən sonra hərbi mərasimə gedib.

Buradan dönən zaman Katerina kanalının yanından keçəndə Çarın bağlı avtomobilinə, onun aldığı qərardan xəbərləri olmayan sui-qəsdçilər tərəfindən dəsmala bükülmüş bomba atılıb. Partlayan bomba bir neçə gözətçisini öldürsə də Çara heç nə olmayıb. II Aleksandr avtomobildən çıxaraq, qanlar içində yatan gözətçilərinin yanına gedib. Sürücüsünün “Dayanmayaq Çar Həzrətləri! Təhlükə hələ keçmədi, dərhal saraya gedək!" deməsinə fikir verməyib. Bir neçə saniyə sonra, II Aleksandrın ayaqları dibində partlayan ikinci bomba, sürücünün nə qədər haqlı olduğunu göstərmişdi! İndiyə qədər bir çox sui-qəsddən xilas olan II Aleksandr, bu səfər ölümcül yaralanmışdı. Tələsik saraya aparılıb iş otağındakı divana yatırılanda Çarın artıq gözləri bağlanmış, bir ayağı qopmuş, o biri isə parçalanmışdı.

III Qustav sui-qəsdi

İsveç Kralı olan III Qustav 1771-ci ildə dövlət içində özünə monarxiya quruluşu meydana gətirmişdi. Dövlətin pul xərclərini o, fərdi zövqlərinə görə edirdi. Bu vəziyyətdən əsəbləşən zabit Yakob İohan Anckarström 2 dostu ilə birgə sui-qəsd planı hazırlamağa başlayıb. Qustav bu plandan xəbər tutandan sonra davamlı olaraq maskayla qaçaraq gəzməyə başlayıb. Ancaq bir Kral mərasimində yaxasından kral olduğu aydın olan Qustav maskalı sui-qəsdçilər tərəfindən vurulub. Hadisəni törədənlər qaçsa da, bir gün sonra tutularaq edam edildilər.

Avraam Linkoln sui-qəsdi

ABŞ-ın 16-cı prezidenti Avraam Linkoln da sui-qəsd qurbanı olub. Linkoln prezident seçildikdən sonra ilk işi qarşıdurma vəziyyətində olan cənub və şimal əyalətləri arasında sülh yaratmaq olub. 4 il davam edən vətəndaş müharibəsini qazanan Linkoln 1865-ci ildə yenidən prezident seçilib. Müharibədəki qələbəsindən 6 gün sonra 15 aprel 1865-ci ildə teatrda "Bizim Amerikalı əmioğlumuz" tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən öldürülüb. Bununla o, qətlə yetirilmiş ilk ABŞ prezidenti olub. 

Frans Ferdinand sui-qəsdi

Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın öldürülməsi I Dünya Mührabəsinin başlamağına səbəb olub. Serb gizli təşkilatı The Black Hand tərəfindən Frans Ferdinadrın öldürülməsi üçün 6 sui-qəsdçi tutulub. Sarayevoda Ferdinandın keçəcəyi yol üzərinə 6 sui-qəsdçi tərəfindən tələ qurulub. İlk iki sui-qəsdçidə bombalar və silahlar var idi. O, iki sui-qəsdçidən xilas ola bilsə də, üçüncü sui-qəsdçi onun avtomobilinə bomba atıb. Ferdinand sürətlə oradan uzaqlaşan zaman cəmiyyət qarşısında çıxış etmək üçün hazırlanırdı. O, sözünü bitirən kimi avtomobil partlaması zamanı yaralanan əsgərləri görmək üçün xəstəxanaya gedib. Buradan çıxan Ferdinandı izləyən Qavrilo Prinsip adlı sui-qəsdçi üstü açıq maşınıyla gedən sabiq hersoqa iki dəfə atəş açıb. Bunun nəticəsində Ferdinand və həyat yoldaşı öldü. I Dünya Müharibəsini başladan Prinsip o zaman 19 yaşında idi.

Mohandas Karamçand Qandi sui-qəsdi

Mahatma Qandi hind milli - azadlıq hərəkatının 1919-1948-ci illər arasında lideri olub. Qandi 1888-1891-cu illər arasında Londonda hüquq təhsili aldıqdan sonra iki il Bombey və Rackot şəhərlərində, 1893-1914-cü illər arasında isə Cənubi Afrikada vəkil işləyıb. “Qandi həyatı boyunca hind xalqının haqlarını müdafiə edib. 1934-cü ilin yazında 3 dəfə müvəffəqiyyətsiz sui-qəsdə uğrayıb. Ölkə rəhbərliyində söz sahibi olan Qandi Hindistanın ikiyə bölünməsinə şiddətlə qarşı çıxsa da 30 yanvar 1948-ci ildə ölkənin bölünməsinə görə ittiham edilərək qətlə yetirilib.

Kennedi sui-qəsdi

Amerika Birləşmiş Ştatlarının 35-ci prezidenti Con Kennediyə qarşı olan sui-qəsd bu günə qədər unudulmayan hadisələrdəndir. O, ABŞ tarixində ilk katolik prezidenti, XX əsrdə doğulan ilk prezident və Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olub. Onun prezidentliyi dövründə Məxfi Xidmət təkcə Texasda Kennedini öldürmək üçün edilən 34 cəhdi araşdırıb. “Qara cümə” adlandırılan 1963-cü il noyabrın 22-də prezidentin təyyarəsi Dallasdakı Lavfild aeroportuna enib. Prezidentin mühafizəsi motorlaşdırılmış Dallas polis idarəsi dəstəsi, təhlükəsizlik xidməti avtomobili və Məxfi Xidmət agentlərindən ibarət idi.

Kortejin önündə təhlükəsizlik xidməti avtomobili, sonra altı polis motosikli, fərqləndirici işarələri olmayan baş maşın və 1961-ci il modelli prezident "Linkolnu" gedirdi. İsti havaya görə təhlükəsizlik agenti Louson "Linkolnun" orqanik şüşədən olan üstünü çıxarıb. Prezident avtomobilini soldan və sağdan cəmi dörd motosikletçi müşayiət edirdi, maşında isə iki Məxfi Xidmət agenti var idi. "Linkolnun" arxasınca səkkiz nəfər agentlə "Kadillak" gəlirdi. Buna baxmayaraq, saat 12:30-da Kennediyə snayper tüfəngindən iki dəfə atəş açılıb, birinci mərmi onun boynuna, ikincisi isə başına dəyib. Prezident təcili olaraq Parklend Hospitala aparılıb. Həkimlər 25 dəqiqə ərzində Kennedini xilas etməyə çalışsalar da, saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edilib.

 

İndira Qandi və oğlu Raciv Qandinin sui-qəsdi

Hindistanın ilk baş naziri, dünyada isə ikinci xanım baş nazir hesab olunan İndira Qandi da öldürülən siyasətçilərdəndir. O, Hindistanın Pakistanla münasibətlərinin normallaşdırılmasında önəmli rol oynayıb, bununla da qarşıdurmanın bölgə xalqlarına xeyir gətirmədiyini sübut etmişdi. 1984-cü ilin oktyabr ayının 31-də İndira Dehlidəki Safdarjunq küçəsindəki baş nazirliyin binasında İngiltərədən onunla müsahibə götürməyə gələn dramaturq, aktyor və telejurnalist Peter Ustinovu qarşılamağa hazırlaşırdı. Ustinov Satvant və Beant Sinqhlər tərəfindən mühafizə edilən qapıdan keçərək içəri daxil olan zaman Qandi qonağı qarşılamaq üçün ayağa qalxıb. Bu zaman hər iki mühafizəçi silahlarını Qandiyə çevirərək ona atəş açıblar. 33 güllə yarası alaraq ölən Qandinin cənazəsi noyabrın 3-də Mahatma Qandinin xatirəsinə ucaldılan Raj Qal abidəsi önündə yandırılıb.
Anasının ölümündən sonra baş nazir oğlu 40 yaşlı Raciv Qandi olub. O, Hindistan tarixində ən gənc baş nazir hesab edilirdi. Ancaq o da anası kimi sui-qəsd qurbanı olub. 21 May 1991-ci ildə Sriperumbudurdakı mitinqdə "Gayatri" və "Dhanu" ləqəbli terrorçuların özlərini partlatması nəticəsində Raciv dünyasını dəyişib.

Ulof Palme sui-qəsdi

Cinayət qurbanı olan siyasətçilərdən biri də İsveçin baş naziri Ulof Palmу olub. Ulof Palme 1963-ci ildə Dövlət naziri, 1965-ci ildə nəqliyyat və əlaqə naziri, 1967-ci ildə Təhsil və Mədəniyyət İşləri naziri və 1969-cu ildə isə üzərinə İsveç baş naziri olub. O, 28 fevral 1986-cı il gecə həyat yoldaşı və oğlu ilə kinodan evinə (hər zaman olduğu kimi mühafizəçisiz) dönən zaman öldürülüb. Palmenin ölümündə şübhəli bilinərək tutulan, daha sonra buraxılan Krister Pettersson isə 16 sentyabr 2004-cü ildə ölüb. Onun ölüm səbəbi indiyə qədər bilinmir.

Benazir Bhutto sui-qəsdi

Pakistanın keçmiş baş naziri olan xanım Benazir Bhutto da sui-qəsdlə öldürülən siyasətçidir. İlk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir olan Benazir Bhutto 20 ay sonra hərbi qüvvələrin köməyi ilə ölkə başçısı Qulam İshaq Xan tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. 1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilən xanım Bhutto üç il sonra yenidən vəzifəsindən kənarlaşdırılıb. 1999-cu ildən etibarən Dubayda sürgün həyatı yaşayan Bənazir Bhutto səkkiz ildən sonra 2007-ci il oktyabr ayının 18-də yenidən Pakistana geri qayıdıb. 27 Dekabr 2007-ci ildə 54 yaşında ikən Pakistanın Ravalpindi şəhərində seçki mitinqindəki çıxışında sui-qəsdlə öldürülüb. Buttonun ölümündən sonra baş nazir Pərviz Müşərrəf ölkədə üç günlük yas elan edib və sui-qəsdlə əlaqəsi olduğu deyilən 15 yaşında bir uşağı həbs edib. Bhuttoya sui-qəsddə məsuliyyəti “Əl-Qaidə” üzərinə götürüb.

Sui-qəsdə məruz qalan Andrey Karlov

Andrey Karlov - tam adı ilə Andrey Gennadiyeviç Karlov 4 Fevral 1954-cü ildə Moskvada anadan olub. 1976-ci ildə Moskva Dövlət Diplomatiya İnstitutundan məzun olan Karlov, 1992-ci ildə Diplomatiya Akademiyasını bitirib. 1976-ci ildə Sovetlər Birliyi Xarici İşlər Nazirliyinin mərkəz təşkilatının yanında xarici nümayəndəliklərində işləməyə başlayıb. 1976-1981 və 1984-1990-ci illər arasında Sovetlər Birliyinin Şimali Koreya səfirliyində katib kimi çalışıb. 1992-1997 illəri arasında Rusiyanın Cənubi Koreya səfirliyində çalışıb. 2001-2006 illəri arasında Rusiya Federasiyasının Pxenyan səfirliyində vəzifədə olub. 2007-2013 illərdə arasında Rusiya Xarici İşlər Nazirliyi Konsulluq İşləri Ümumi Müdir Köməkçisi olub. Son olaraq, 12 iyul 2013-cü ildə Rusiyanın Ankaradakı səfiri təyin edilib. Marina Karlov ilə evli olan Andrey Karlovun bir kişi uşağı var idi. Karlov ingilis və koreya dillərini mükəmmək şəkildə bilirdi.  19 dekabr 2016-cı il tarixində Ankarada sərgi salonunda sui-qəsd nəticəsində öldürülüb.

Günay Məryəm / ATV.az


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
20.12.2016 18:44
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Demo-SOS

REDAKTORUN SEÇİMİ