22 Noyabr 2017
Çərşənbə


İlin ən dəhşətli və unudulmaz hadisələri - II hissə - FOTOLAR

23.12.2016 09:55

İyulun 11-də Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Magistral yolun 95-ci kilometrliyində, Qobustan rayonu ərazisində Balakən rayon sakini, 1983-cü il təvəllüdlü Hacı Quliyev idarə etdiyi "BMW" markalı minik avtomobili qarşı tərəfdən gələn Qobustan rayon sakini 1991-ci il təvəllüdlü Süleyman Süleymanova “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı "BMW"-dəki sərnişinlər - sürücünün qohumu Həsənov Müşfiq Mehman oğlu, onun xalaları - Rzayeva Sevil Abbas qızı, Rzayeva Asimə Abbas qızı aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü Hacı Quliyev və bacısı, 1985-ci il təvəllüdlü Quliyeva Ülkər Cahangir qızı isə ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

12 iyulda Sabirabadda qardaş bacısını qətlə yetirdi. Rayonun Balakənd kəndində yaşayan Məhəmməd Hüseynov evində münaqişə zəminində bacısı Şəmsiyyəyə bıçaqla xəsarət yetirib. Qadın hadisə yerində ölüb. Hadisəni törətmək şübhəli bilinən M.Hüseynov könüllü olaraq Sabirabad Rayon Polis Şöbəsinə gələrək təslim olub.

16 iyulda Biləsuvarda ata oğlunu güllələyib. Qərib Xanhüseynov evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən atəş açaraq oğlu Xəqaniyə ayaq nahiyələrindən xəsarət yetirib. Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Xanhüseynov saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi "İJ-58" markalı tüfəng götürülüb.

20 iyulda Bakıda ata qızını öldürüb. Xırdalan şəhərində yaşayan Zəhra Əliyarovanın evindən qardaşının qızı, Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub.

21 iyulda Xaçmaz sakini keçmiş gəlinini qətlə yetirib. Uzunoba kəndində yaşayan Məlikməmməd Adıgözəlov evində keçmiş gəlini Rəmziyyə Əbdürrəhmanovaya bıçaqla xəsarət yetirib. Rəmziyyə Əbdürrəhmanova aldığı xəsarətdən hadisə yerində ölüb.

23 iyulda Sabunçuda arvad ərini doğrayıb. Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb. Qətli törətməkdə şübhəli bilinən arvadı Nuridə tutulub.

29 iyulda ilin ən dəhşətli hadisələrindən biri də Abşeron rayonunda baş verib. Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib. Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub. Abşeron rayonunun Xırdalan qəsəbəsində döyülərək öldürülməsində təqsirli bilinən anası, Ağsu rayon sakini Samirə Yarıyeva da tutulub.

 

3 avqustda ilin ən çox müzakirə olunan mövzularından biri, Bakıda 14 yaşlı qızın anası tərəfindən boğulub öldürülməsi hadisəsi baş verdi. Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb. Aparılan araşdırmalar zamanı məlum olub ki, Cəfərova öz qızını (onun 3 uşağı var) hirsindən şarfla boğub. Qız anasına zorlandığını deyərək ondan kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb. Ana istintaqa bildirib ki, belə bir biabırçılığa dözə bilməyib, ona görə də cinayətə əl atıb.

4 avqustda Xaçmazda həyat yoldaşından boşanan kişi öldürüldü. Rayonun Gödəkli kəndində 1972-ci il təvəllüdlü Cəfər Hacıyevin meyiti kəndin kənarındakı avtomobil yolunun kənarında aşkarlanıb. Meyitin üzərinə baxış keçirilərkən onun üzərində xəsarətlər aşkarlanıb. Qətlə yetirilən şəxs uzun müddət imiş ki "Kamaz" sürücüsü işləyirmiş. Bir müddət əvvəl isə ailə münaqişəsi zəminində boşanıbmış. Qətlə yetirilən gün onun evdən avtomobilsiz çıxdığı bildirilir. Qətl hadisəsinin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələ məlum deyil.

Avqustun 8-də Bakıda yataqxananın tavanı çöküb, xəsarət alanlar olub. Xəzər rayonu ərazisində yataqxanalardan birində uçqun hadisəsi baş verib. Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı "Energetika yataqxanası"nda tavanın uçması nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü - Şəhla Məmmədova və 5 yaşlı uşaq xəsarət alıb. Tavandan qopan beton parçası 5 yaşlı uşağın başına düşüb və o, xəstəxanaya çatdırılıb.

14 avqustda Bakı-Quba  yolunun Sumqayıtın  Yaşma yaşayış massivindən keçən hissəsində  ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Sumqayıt şəhər 9-cu mikrorayon sakini Elşən Əliyevin idarə  etdiyi  "Hyunday Elantra”markalı avtomobillə "Mersedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində E. Əliyevin sərnişini, həyat yoldaşı Aysel Əliyeva hadisə yerindəcə dünyasını dəyişib.  E. Əliyev isə Sumqayıt şəhər Təcili Tibbi Yardım  Xəstəxanasına yerləşdirilib. Amma həkimlərin səylərinə baxmayaraq, onun həyatını  xilas etmək mümkün olmayıb. Ailənin iki azyaşlı övladı  var.

24 avqustda Gəncədə burun əməliyyatı zamanı 17 yaşlı qız ölüb. Şəhər sakini 17 yaşlı Aygün Orucova şəhərdə olan özəl tibb mərkəzlərinin birində burnundan əməliyyat olunan zaman dünyasını dəyişib. Qeyd edək ki, Aygün Orucova bu il Bakı Dövlət Universitetinə tələbə kimi qəbul olmuşdu.

25 avqustda Bakıda 92 yaşlı qadın eyvandan yıxılaraq ölüb. Rayonun Qaraçuxur qəsəbəsində yaşayan 92 yaşlı Roza Yaqubova evinin eyvanından (2-ci mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilən R.Yaqubova orada ölüb.

25 avqustda Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində bir ailənin 4 ildən sonra doğulmuş yeganə övladı olan 4 yaşlı Cavid pəncərədən yıxılan zaman Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova onu tutaraq həyatını xilas edib. Məlumata görə, həkim Ç.Cahangirova bu ilin 25 avqust tarixində hündürmərtəbəli binanın yanından keçərkən balaca bir uşağın yuxarı mərtəbələrdən birinin eyvanından aşağı sallandığını görüb. Qısa bir an içərisində həkim uşağın təxmini düşəcəyi yeri aydınlaşdıraraq ora atılıb. Elə bu zaman sürətlə aşağı enən uşaq 4-cü mərtəbədəki asqı ipindən yapışaraq bir qədər ləngiyib və sonra yenidən aşağıda duran həkimin qucağına düşüb. Uşağın həyatını xilas edən qadın mükafatlandırılıb.

Elə həmin gün Bakıda “Şıxov” çimərliyində 2 nəfər batıb. Hadisə şahidlərinin sözlərinə görə, ilk öncə 2 oğlan batmaq təhlükəsi ilə üzləşib. Çimərlikdə kiçik ticarətlə məşğul olan - qarğıdalı satan Zamin adlı 20 yaşlı gənc onları xilas etmək üçün dənizə girib. Həmin şəxs oğlanlardan birinin həyatını qurtara bilib. Lakin batmaq təhlükəsi yaşayan ikinci şəxsin həyatını qurtarmaq üçün cəhdi uğursuz olub, bədbəxt hadisə baş verib. Belə ki, Qobustan sakini olan həmin şəxsin özü də suda boğulub.

26 avqustda ailəli kişiyə yazdığı mesaj 25 yaşlı Şəmkir rayon sakininə baha başa gəlib. Şəmkirdə qadın həmcinsi olan yaxın qohumunu bıçaqlayaraq xəstəxanalıq edib. 28 yaşlı Günel Mirzəyeva şəxsi münasibətlər zəminində 25 yaşlı Məleykə Allahverənovanı bıçaqla yaralayıb. Xəsarət alan şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat edilib. Günel Mirzəyeva polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib. Qadın qohumu olan Məleykə Allahverənovanın həyat yoldaşı Ümidcan Həkimovun telefonuna yazdığı mesajı gördükdə əsəblərinə hakim çıxa bilməyib. Nəticədə Allahverənova ilə mübahisə yaranıb, sonda isə Günel qohumunu bıçaqlayıb.

29 avqustda Müğənni Aygün Hümmətovanın itkin düşən qohumu, Bakı şəhər sakini Elnur Hümmətovu qətlə yetirən şəxslər tutulub. Polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib. Qeyd edək ki, qətlə yetirilən E.Hümbətov müğənni Aygün Bəylərin əmisi nəvəsi, qəti törədənlərdən biri - A.Hümbətov isə qardaşıdır. A.Hümbətov bundan əvvəl məhkumluq həyatı yaşayıb.

1 sentyabrda Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu öldü.  Zəhərlənmə şübhəsi ilə 1 Saylı Şəhər Xəstəxanasına daxil olan 30 yaşlı Dilarə  Babayevanın həyatını xilas etmək mümkün olmayıb. 30 yaşlı qadınla birgə bətnindəki 36 həftəlik körpəsi də ölüb. Səhiyyə Nazirliyindən verilən məlumara görə, laborator müayinələr aparıldıqdan sonra Dilarə Babayevanın qida zəhərlənməsindən öldüyü bəlli olub. Qeyd edək ki, Dilarə Babayeva Dövlət Sərhəd Xidmətinin (DSX) ilk qadın pilotu olub. O, kapitan rütbəsini daşıyıb.

5 sentyabrda Bakıda bədbəxt hadisə verib. Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan 5 yaşlı Elton Hüseynovun başına televizor düşüb. Azyaşlı aldığı xəsarətdən dünyasını dəyişib.

7 sentyabrda Azərbaycanda toyu yasa döndərən hadisə  baş verib. Bərdəyə toya gedən 15 yaşlı Cəmil Yunisli xalası oğlunun toyunda iştirak etmək üçün Bərdəyə gedib. Bərdənin Göyüslü kəndindən olan yeniyetmə kənd ərazisindən keçən kanalda çimərkən boğulub. Cəmil Yunislinin cəsədi bir neçə saatdan sonra qonşu kəndin ərazisindən tapılaraq ailəsinə təhvil verilib.

10 sentyabrda Lənkəranda 5 nəfərin ölümünə səbəb olan dəhşətli yol qəzası baş verib. Boladi kənd sakini, 1963-cü il təvəllüdlü Bəxtiyar Qiyas oğlu Quliyevin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili rayonun Parakənd qəsəbə sakini, 1977-ci il təvəllüdlü Eldar Zeynal oğlu Aslanovun idarə etdiyi “Mercedes” markalı avtomobili ilə toqquşub. Güclü zərbədən avtomobillərdən biri deformasiyaya uğrayıb, digəri isə yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

15 sentyabrda Novxanıda baş vermiş dəhşətli yol qəzası 2 bacının ölümünə səbəb oldu. 1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanlının idarə etdiyi "Chevrolet"in "MAN" markalı yük maşınına çırpılması nəticəsində o dünyasını dəyişib. Bacısı, 24 yaşlı Leyla Qəhrəmanlı isə koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Bir neçə gündən sonra L.Qəhrəmanlı da xəstəxanada ölüb.

21 sentyabrda Abşeron rayonunda yaşayan azyaşlının tapdığı naməlum əşya partlayıb. Novxanı bağlar yaşayış sahəsində yaşayan azyaşlı Zöhrab Qurbanovun məişət tullantıları sahəsindən tapdığı naməlum əşyanın partlaması nəticəsində əlinin 2 barmağı amputasiya olunub.

Elə həmin gün Tovuzda 24 yaşlı qadın avtovağzalda əri tərəfindən qətlə yetirilib. Rayon avtovağzalında Alakol kənd sakini Aytəkin İbrahimova avtobusa minmək istəyərkən, qəfil həyat yoldaşının hucumuna məruz qalıb. Əvvəlcə qadını döyən 31 yaşlı Taleh Hüseynov, sonra onu bıçaqlayıb. İki övlad anası olan qadın hadisə yerində dünyasını dəyişib. Taleh Hüseynovala ailəli olan mərhum Aytəkin İbrahimovanın son günlər aralarında problemlər yaşandığı bildirilir. Qətli törədən Taleh Hüseynov bundan öncə bir dəfə ailəli olub. Bir müddət Rusiya Federasiyasında olan Alakol kənd sakini yaşadığı kəndə bir neçə gün öncə gəlibmiş.

22 sentyabrda İsmayıllı rayonunun Qalınçaq kənd sakini bədbəxt hadisə nəticəsində ölüb. Qalınçaq kəndindəki meşə zolağında kənd sakini Mürsəl Qarazadənin kəsdiyi ağac üzərinə düşüb və o, hadisə yerində ölüb.

7 oktyabrda Bakıda ərə getmək istəməyən məktəbli doğum günündə özünü asıb. Binəqədi rayon Xocahəsən qəsəbəsində 2001-ci il təvəllüdlü təvəllüdlü Aygün Qubad qızı Qəniyeva yaşadığı evin pəncərəsindən özünü asaraq öldürüb. 15 yaşlı məktəbli Aygün Qəniyevanın təhsil aldığı Laçın rayon 6 saylı orta məktəbdə təhsil alırmış. Valideynləri onun ailə qurmasını və hazırda hərbi xidmətdə olan oğlan qayıtdıqdan sonra nişanlanmasını istəyiblər. IX sinifdə oxuyan qız isə buna qarşı çıxıb. Aygün Qəniyevanın məhz doğum günündə həyatına son qoyub.

Elə həmin gün Bakıda anasının yoxluğuna dözə bilməyən şəxs intihar edib. Sabunçu rayonunun Kalinin küçəsi, 4 ünvanında 18 yaşlı Xəyal Surxay oğlu Yəhyalı özünü asıb. Məlumata görə, X.Yəhyalı 2 il əvvəl anasını itirib. Həmin vaxtdan bəri depressiyaya qapanan gənc bir neçə dəfə intihara cəhd edibmiş.

10 oktyabrda Neftçala rayonunda ər arvadını qətlə yetirib. Birinci Qaralı kənd sakini 1978-ci il təvəllüdlü  Qafarov Ceyhun Abdulhüseyn oğlu həyat yoldaşı 1985-ci il təvəllüdlü Qafarova Aygün Arif qızını ürək nahiyəsinə bıçaq zərbəsi endirərək qətlə yetirib. A. Qafarova 3 uşaq anası idi.

10 oktyabrda Bakıda nişanlı cütlüyün maşında meyitləri tapıldı. Təxminən 20-25 yaşlı qızla oğlanın nəşi Yasamal rayonu, Tbilisi prospektində yerləşən qarajda tapılıb. İCütlüyün itkin düşməsi barədə polisə məlumat daxil olub və onların meyitləri maşında tapılıb. İlkin ehtimala görə, onlar avtomobildə uzun müddət qalıb və kondisioneri işlək vəziyyətdə saxlayıblar. Maşına dolan zəhərli havadan boğulub ölüblər.

Həmin gün Abşeron rayonunda ağır qətl hadisəsi baş verib. Masazır qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sadiq Muxtarov həmin qəsəbədə yaşayan, keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Lalə Muxtarovaya ailə üzvlərinin gözü qarşısında ağır dəmir parçası (lomla) çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qətlə yetirib. Hadisədən sonra S.Muxtarov mətbəx bıçağı ilə özünə də xəsarətlər yetirib. Yaralı xəsarətlə Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

11 oktyabrda qadın anbardan 61 min manatlıq geyim oğurlayıb. Abşeron rayon sakini Elməddin Bayramov Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək həyətindəki anbardan 61000 manat dəyərində geyim əşyalarının Gültəkin Ələkbərova tərəfindən oğurlanmasını bildirib. Geyim əşyalarını satmaqda şübhəli bilinən Bakı şəhər sakini G.Ələkbərova saxlanılaraq tutulub.

Elə həmin gün Bakıda 670 bal toplayan tələbə intihar edib. Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib. H. Abbasovun atası bildirib ki, oğlunun bir neçə fəndən kəsirləri olub. Ata istintaqa deyib ki, oğlu əlaçı tələbə idi: "Bizə birdən məlum oldu ki, onun 6 fənnin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi".

12 oktyabrda Bakıda ana azyaşlı uşağını boğaraq öldürüb. Yasamal rayon Prokurorluğundan  verilən məlumata görə, Bünyadzadə küçəsi, ev 15, mənzil 140 ünvanında 1983-cü il təvəllüdlü Nazilə Qulubəyovanın ehtiyatsızlığı nəticəsində 5 yaşlı oğlu Fərid Qulubəyov boğularaq ölüb. Polis uşağın qəsdən boğulması ehtimalını araşdırır. Hazırda uşağın anası saxlanılıb.  Məlumata görə, qadın "Üzüm bağı" adlı dini təriqətə inanır. O, oğlunun bədənindən pis ruhları çıxarmaq üçün uşağın ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı boğularaq ölüb.

Elə həmin gün Bərdədə 88 yaşlı kişi özünü tut ağacından asıb. Şirvan kəndində Eyvaz Rüstəm oğlu Cəbiyev ailədaxili münaqişə səbəbilə özünü yaşadığı evin həyətinədki tut ağacından asıb.

16 oktyabrda İmişli sakini 17 yaşlı həyat yoldaşını baltalayıb. Gövhərli kəndində 28 yaşlı Ağabba Nəsirov həyat yoldaşı 17 yaşlı Aygün Abdulxalıqovaya balta ilə üç zərbə vuraraq, onu qətlə yetirib.

17 oktyabrda Bakı Ağır Cinayətlər Məhkəməsində 8 yaşlı ögey qızına qarşı zor tətbiq etməklə seksual hərkətlər törətməkdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Pakistan vətəndaşı Tanver Muhammed Batonun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə kollegiyasının hökmü ilə ögey qızını zorlayan M.Baton 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə bu il Maştağa qəsəbəsində baş verib. M.Baton azərbaycanlı qadınla qeyri-rəsmi formada birgə yaşayıb və qadının birinci ərindən olan qızını uzun müddət mütəmadi olaraq zorlayıb.

19 oktyabrda Balakəndə 52 yaşlı qadın əri tərəfindən döyülərək öldürülüb. Balakən Rayon Mərkəzi Xəstəxanasının morquna daxil olan Kainat Zeynəddin qızı Çobanovanın üzərində döyülmə əlamətləri aşkarlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində 52 yaşlı Kainat Çobanovanı əri 46 yaşlı Zeynal Ramazan oğlu Çobanovun döyərək öldürdüyü müəyyən edilib. Zeynal Çobanov ifadəsində həyat yoldaşını sərxoş vəziyyətdə döydüyünü etiraf edib. Qeyd edək ki, onların 5 övladı var.

19 oktyabrda Abşeron rayonunun Hökməli qəsəbəsində faciə baş verib. Yaşayış evlərindən birində baş vermiş yanğın nəticəsində 3 nəfər ciddi xəsarət alıb, bir azyaşlı uşaq - Banu Qurbanova ölüb. Xəsarət alanlar uşağın valideyinləri və bacısıdır. Ailə başçısı Müşviq Qurbanov "Azəravtoyol"da  rəhbər vəzifələrinin birində çalışdığı deyilir. Qeyd edək ki, M. Qurbanov və həyat yoldaşı hadisədən bir neçə gün sonra  Türkiyədə xəstəxanada keçiniblər.

20 oktyabrda Bakıda gənc qız bədbəxt hadisə nəticəsində ölüb. Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini - 1997-ci il təvəllüdlü Əsgərova Sərfinaz Salman qızı yaşadığı 9 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzilin pəncərəsindən paltar asmaq istəyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Noyabrın 2-də Bərdə rayonunda pomidor turşusu ailə faciəsinə səbəb olub. Rayonun Xanərəb kəndində yaşayan Məmmədovlar ailəsinin ikisi az yaşlı uşaq olmaqla 5 nəfər üzvü pomidor turşusundan zəhərlənib. Zəhərlənən ailə üzvləri - 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov, 25 yaşlı Cəmalə Məmmədova, övladları 5 yaşlı Cahid Məmmədov və 8 aylıq Cihan Məmmədov Bərdə  Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ancaq bir neçə gün sonra azyaşlı Cahid Məmmədov dünyasını dəyişib.

6 noyabrda Maştağada qadın ərini öldürüb. Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan 26 yaşlı Gülər Mirzəyeva ilə 32 yaşlı Şəmsi Babayev 3 il əvvəl ailə həyatı qurublar. İlk gündən xasiyyətləri uyğun gəlməyən cütlüyün arasında mütəmadi münaqişələr baş verirmiş. Xoşagəlməz halların səngiməsi üçün hər dəfə toplaşıb, məsləhət verən qohum əqrəba isə Gülər və Şəmsi arasındakı münasibətin övladları dünyaya gəldikdən sonra normallaşacağı ümidi ilə ailənin dağılmaması üçün əllərindən gələni ediblər. Ancaq əksinə münaqişələr zamanla daha da artıb. Noyabrın 6-da isə münaqişə nəticəsində qadın ərini bıçaqlayaraq öldürüb.

12 noyabrda Sabunçu rayonunda noyabrın 12-də 10 yaşlı uşağın üzərinə dəmir qapı düşüb. Pirşağı qəsəbəsində yaşayan 10 yaşlı Nurlan Bədəllinin üzərinə həyətin dəmir qapısı düşüb. Xəstəxanaya yerləşdirilən uşaq noyabrın 17-də orada ölüb.

15 noyabrda "Tərəqqi TV" informasiya agentliyinin baş redaktoru iki əməkdaşı ilə birlikdə saxlanılıb. Noyabrın 13-də Biləsuvar rayonunun Bəydili kənd sakini Leyli Xudaverdiyeva Rayon Polis Şöbəsinə müraciət edərək həmin gün "Tərəqqi TV" informasiya agentliyinin baş redaktoru Aygün Həsənovanın, redaktor müavini Nahid Babayevin və müxbir Elmir Əsgərovun Xırmandalı kəndində ona məxsus yeməkxanaya gəldiklərini, obyektdə əxlaqsızlıq yuvasının olduğunu iddia edərək bununla bağlı çəkiliş apardıqlarını və görüntünü sosial şəbəkədə yayacaqları ilə hədələyiblər. Ondan 500 manat pul tələb etdiklərini bildirib. Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adları çəkilən şəxslər noyabrın 14-də L.Xudaverdiyevadan 200 manat pul alarkən tutulublar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların noyabrın 12-də rayonun Arazbarı kəndində kənd sakini Əli Quliyevə və Hacırüstəmxanlı kəndində İmişli rayon sakini Fazilə Səfərovaya məxsus yeməxanalara da gələrək eyni üsulla Ə.Quliyevdən 100 manat pul aldıqları, F.Səfərovadan isə 500 manat tələb etdikləri müəyyənləşdirilib.

Zərdabda isə məktəb direktoru Ceyhun Şirəliyev axşam saat 23:00 radələrində həmin məktəbin 11 ci sinif şagirdi Abdullayeva Nərgiz Rəmzi qızının evinə gələrək həyətdə onu zorlamaq  istəyib. Ana qızının köməyinə çataraq direktoru döyərək qovub. Hadisə ilə bağlı Zərdab rayonun polis bölməsində araşdırma başlanılıb və direktor həbs edilib. Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin məktəblini zorlaması xəbərindən sonra həyat yoldaşı iki uşağını da götürərək evi tərk edib.

17 noyabrda baş verən hadisə hər kəsi əvvəl təəccübləndirdi, sonra isə kədərləndirdi. Respublika Perinatal Mərkəzində beşəm dünyaya gəlib. 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Əzimzadə Aysel bu gün səhər saat 7 radələrində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gətirib. Lakin görülən bütün tədbirlərə baxmayaraq, körpələrin hamısı ölüb. Son bir ayda ananın qaraciyər və böyrəyində kəskin surətdə baş verən pisləşmələr nəticəsində onun qanında müəyyən dəyişmələr var. Nəticədə uşaqlar 24-cü həftədə zəif inkişaf etmiş doğulublar, ananın böyrəyini və qaraciyərinin kəskin pisləşməsi hamiləliyə öz təsirini göstərib.

27 noyabrda Bakıda bir ailə əzablar içində məhv olub. Gecə saatlarında Bakının Nizami rayonunda yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı, 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları, 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Gecə vaxtı qəfil başlayan yanğın orada yaşayanları təşvişə salıb və hamı mənzillərini tərk etməyə çalışıb. Tüstü çox qatı olduğundan Babaşovlar mənzili tərk edə bilməyiblər və ailənin 3 üzvü hamam otağına daxil olub. Onlar elə hamamdaca boğularaq ölüblər. Ailənin digər bir üzvü isə yataq otağında ölüb.

3 dekabrda Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) tərəfindən vətəndaşları şantaj edən dəstə zərərsizləşdirilib. Qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılmış, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən digər şəxslər müvafiq cinayətləri törətməkdə şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb ediliblər.

Elə həmin gün Göyçayda Uşaq Xəstəxanasının 66 yaşlı şöbə müdiri özünü asıb. Sabir küçəsindəki 42 saylı mənzildə Göyçay şəhər sakini 1950-ci il təvəllüdlü Fazilov Rafael Mirsadiq oğlu özünü evində asıb. Məlumata görə, o, uzun illər Göyçay rayon Uşaq Xəstəxanasının şöbə müdiri işləyib. Mərhumun hansı səbəbdən özünə qəsd etdiyi hələlik məlum deyil.

4 dekabrda Zaqatalada qonşusu tərəfindən vəhşicəsinə döyülən tibb bacısı komaya düşüb. 1962-ci il təvəllüdlü Xədicə Herov qızı Muradova travmatik şok vəziyyətdə və ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Müayinə zamanı məlum olub ki, bir uşaq anası olan və Zaqatala MRX-nın poliklinika şöbəsində tibb bacısı vəzifəsində işləyən X. Muradova qonşusu İbrahim adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb. Zaqatala rayon Polis Şöbəsindən bildirilib ki, hadisə səhər saatlarında X. Muradovanın yaşadığı ünvanda baş verib. X. Muradovanın qonşuluğunda yaşayan və uzun müddətdir ki, əsəb xəstəliyindən əziyyət çəkən İbrahim adlı şəxs hələki istintaqa məlum olmayan səbəbdən qadını vəhşicəsinə döyərək, ona ağır bədən xəsarətləri yetirərək hadisə yerini tərk edib. Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan saxlanılıb.

5 dekabrda avtobus I sinif şagirdini vurub öldürüb. 168 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu 2010-cu il təvəllüdlü Nəzir Bəhruz oğlu Xuduyevi vuraraq öldürüb. Məlumata görə, N. Xuduyev orta məktəbin birinci sinfində oxuyur. Hadisə anası onu məktəbdən evə aparan zaman baş verib. Uşaq qəfildən anasının əlindən çıxaraq yola qaçıb, nəticədə avtobus onu vurub.

Dekabrın 7-də Neftçalada dəhşətli qətlin təfərrüatları hamını dəhşətə gətirib. 3 il əvvəl törədilmiş qətlin üstü açılıb. Rayonun Yuxarı Qaramanlı kənd sakini, 1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlunun ailə üzvləri tərəfindən münaqişə zəminində qətlə yetirilməsi üzə çıxıb. Məlum olub ki, A.Heybətovu oğlu, 1992-ci il təvəllüdlü Emil güllələyərək öldürüb. Emil atasına iki dəfə atəş açaraq onu qətlə yetirib və daha sonra anası Tükəzban və bacısı ilə birgə meyiti həyətdə yandırıb. Onlar yanmış meyitin qalıqlarını kisələrə yığaraq evlərinin yaxınlığından keçən Kür çayına atıblar. Hadisənin baş vermə səbəbinə gəlincə, məlum olub ki, A.Heybətovun qızı nişanlı imiş. Həmin ərəfədə ailənin yaxın qohumlarından biri vəfat etdiyi üçün A.Heybətov toyun yubadılmasını istəyib. Lakin oğlan tərəfi, eləcə də ailə üzvləri onun təklifi ilə razılaşmayıb. Bu səbəbdən ailədə münasibətlər kəskinləşib və tez bir zamanda toy edib qızı köçürmək istəyən qadın əri ilə dalaşıb. Münaqişəyə ailənin kiçik oğlu Emil də qoşulub və o, tüfənglə atasını güllələyərək qətlə yetirib. Daha sonra Emil anası və bacısı ilə birgə izi itirməyə çalışıb. Maraqlıdır ki, A.Heybətovun qətlindən sonra ailə üzvləri qohum-qonşuya onun gah acıq edib evdən getdiyini, gah da Mahaçqalaya işləməyə getdiyini deyib. Onlar qətl hadisəsindən bir neçə gün sonra toyun dəvətnamələrini də paylayıblar.

A.Heybətovun toyda iştirak edib-etməyəcəyini  soruşanlara isə onun sərhəddən buraxılmadığını, tezliklə gələcəyi və özünü toya çatdıracağını deyiblər. Bildirilir ki, hadisədən və qızın toyundan sonra ailə üzvləri kəndi tərk edərək Bakıya köçüb. Oğlundan xəbər çıxmadığını görən A.Heybətovun atası Dəmir Heybətov şübhələnməyə başlayıb. O, oğlunun avtomobilinin həyətdə qaldığını, oğlunun kimləsə əlaqə saxlamadığını görərək polisə müraciət edib. Qeyd edək ki, qətl hadisəsi 2013-cü ilin may ayına, toy iyun ayına, polisə müraciət isə iyul ayına təsadüf edib. Balıq alveri ilə məşğul olan Aydın Heybətovun ailə üzvləri tərəfindən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Onun həyat yoldaşı və oğlu ilə yanaşı qızı da polis tərəfindən saxlanılıb. Atasını qətlə yetirdiyinə görə tutulmuş Neftçala rayon sakini Emin Heybətovun qardaşı Amil və Bakı şəhər sakini Cavid Əliyevlə birgə Kamal Rüstəmovu da qətlə yetrmələri müəyyən olunub. Emin Heybətovun ətrafında polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun hazırda cəza çəkən qardaşı Amil və Bakı şəhər sakini Cavid Əliyevlə birgə 2014-cü il fevralın 12-də Neftçala rayon sakini Kamal Rüstəmovu Yuxarı Qaramanlı kəndi ərazisində boğaraq qətlə yetirmələri, meyitini isə Sabunçu rayonunun Balaxanı qəsəbəsində kirayədə yaşadıqları evin həyətində yandıraraq, qalıqlarını basdırmaları müəyyən edilib. Meyitin basdırıldığı yerə baxış keçirilib və qalıqları aşkar edilərək götürülüb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Əliyev də tutulub.

7 dekabrda "Qarabağ"ın futbolçusu qəza törədib, 6 aylıq uşaq ölüb. Əmircan qəsəbəsində 1994-cü il təvəllüdlü Balayev Emil Nazim oğlunun idarə etdiyi "BMW X5" markalı avtomobillı "Mercedes S 180" markalı naşın toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan 2016-cı il təvəllüdlü körpə Bağırov Xalid Əbdülbağır oğlu dünyasını dəyişib, atası, 1985-ci il təvəllüdlü Bağırov Əbdülbağır və anası, 1986-cı il təvəllüdlü Bağırova Günel Məzahir qızı xəsarət alıblar.

11 dekabrda İsmayıllı rayonu Aşağıbaş kənd sakini, 1971-ci il təvəllüdlü Qəniyev Azad Cavid oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən dəm qazından zəhərlənib. Dörd uşaq atası olan A. Qəniyevin zəhərlənməsindən ailə üzvləri gec xəbər tutub və o, köməksiz vəziyyətdə qalaraq dünyasını dəyişib. A. Qəniyev Bakıda usta işləyib və nişanlı olan iki qız övladının bu yaxınlarda olacaq toy mərasiminə hazırlaşırmış.

12 dekabrda Yeni doğulmuş körpə tapılıb. Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsi 49 nömrəli binanın qarşısındakı məişət tullantıları qutusunda Mənzil Komunal İstismar Sahəsinin əməkdaşları körpəyə rast gəliblər. Onun qız olduğu müəyyən olunub. Körpə aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Daha sonra o, "Təcili yardım" maşını ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib. Məlum olub ki, körpənin göbəyi də kəsilməyib, o bir günlükdür. Hazırda körpə institutun reanimasiya şöbəsindədir. Həkimlər bildiriblər ki, körpə tapılanda təqribən 3-4 saat imiş ki, dünyaya gəlibmiş Göbəyi kəsilmədən və heç nəyə bükülmədən o karton qutuya qoyularaq 5-6 dərəcə hərarətli havada zibilxanaya atılıb. sözügedən körpə Pediatrya İnstitutuna gətiriləndə onun temperaturu 32 dərəcəyə düşübmüş. Yarım saat da geciksəydilər onun bədənin temperatur daha aşağı düşüb ürəyi dayancaqmış.

13 dekabrda Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Səbail rayonu ərazisində qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan Abşeron rayon sakini Səbuhi Əliyev və Bakı şəhər sakini  Emil Əhmədov 41 min 630 ABŞ dolları və 30 min avro məbləğində pulu “qara bazar”da 135 min manata satan zaman saxlanılıblar. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə Nərimanov rayonu ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha bir şəxs – Bakı şəhər sakini  Kamran Şərifov 54 min 585 ABŞ dollarını 100 min manata satarkən saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 min 600 manat və 7 min 515 ABŞ dolları aşkar edilərək götürülüb.

Elə həmin gün Qaynata və gəlin yol qəzasında ölüblər. Bakı-Qazax magistralının 267-ci kilometrliyində, Yevlax rayonunun Aşağı Bucaq kəndində şəhər sakinləri Vəliyəddin Əhmədovun idarə etdiyi "Mitsubishi", İslam İsmayılovun və Əlizamin Abdullayevin idarə etdikləri “VAZ-2106” və “VAZ 2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1939-cu il təvəllüdlü İsmayılov İslam Məmməd oğlu və sərnişini, gəlni olan 1977-ci il təvəllüdlü İsmayılova Səadət Telman qızı dünyasını dəyişib.

14 dekabrda bu il sentyabrın 23-də Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevanı qaçıran rayon sakini Ələmdar Məmmədov barədə cinayət işi başlanıb. Məlumata görə, azyaşlı A.Nağıyeva tapılandan bir müddət sonra polisə ifadə verib və bacısının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu tərəfindən qaçırılaraq Bakı şəhərinə aparıldığını bildirib. Azyaşlının ifadəsindən sonra Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsilə cinayət işi başlanıb və təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Qeyd edək ki, A.Nağıyeva bu il sentyabrın 23-də Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Ə.Məmmədov tərəfindən Bakının Qaradağ rayonunun Puta qəsəbəsinə qaçırılıb. Azyaşlı oktyabrın 31-də evlərinə qayıdıb və bacısının həyat yoldaşı tərəfindən qaçırıldığını bildirib.

15 dekabrda Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1956-cı il təvəllüdü Ramiz Zöhrab oğlu İbrahimov yaşadığı binanın qarşısında həyat yoldaşı, 1956-cı il təvəllüdlü Səmayə Süleyman qızı Camalovanı bıçaqlayaraq öldürüb. R. İbrahimov qətli törədəndən sonra intihar məqsədilə özünü bıçaqlayıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

15 dekabr ilin ən ağır günlərindən birini yaşadıq. Xəzər ötən ilin dekabr ayında olduğu kimi bu il də 10 ailənin çırağını söndürdü. Səhər saat 05 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (10 nəfər) əməkdaşı itkin düşüb:

Zülfüqarov Güloglan – maşinist; Zülfüqarov Azay – operator; Qurbanov Vidadi – operator; Həsənov Elçin – mexanik; Hacıəliyev Həsənağa – operator; Qafarov İlham – operator; Əsədov Samir – operator; Bəhrəmov Cavid – operator; Abbasov Ramiz – maşinist; Rüstəmov Qorxmaz – operator. İtkin düşən şəxslərdən hələ ki, yalnız İlham Qafarovun meyiti tapılıb. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

16 dekabrda Gədəbəy rayonunun Qasımlı kənd sakini 71 yaşlı Səmayə Məmmədovanın yaşadığı evin həyətində meyiti aşkarlanıb. Hadisə yerinə cəlb olunan polis və prpkurorluq əməkdaşları meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertizasına təqdim ediblər. Müayinə zamanı meyitin üzərində bəzi xəsarətlərin aşkarlanması ilə qadının qətlə yeitirildiyi müəyyən edilib. Hələlik tək yaşayan qadının hansı şəraitdə və kim tərəfindən öldürüldüyü məlum deyil.

17 dekabrda Abşeronda rayonu, Xırdalan şəhərində dəyirmanın hasarı uçub. Nəticədə iki fəhlə uçqun altında qalaraq, ölüb. Ölənlər 1994-cü il təvəllüdlü Rəcəb Cavadov və 1995-ci il təvəllüdlü Sadiq Mehdiyevdir.

18 dekabrda Bakının Zabrat qəsəbəsində Füzuli rayonundan olan məcburi köçkünlərin yaşadığı yataqxanada dəhşətli qətl baş verib. 16 yaşlı Maarif Eldar oğlu Əliyev anası, 38 yaşlı Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib. Oğlan daha sonra polisə könüllü təslim olub. M. Əliyev qətli namus üstündə törətdiyini bildirib.

19 dekabrda Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında tapılan 1 aylıq uşaq 1 saylı Körpələr Evinə təhvil verilib. Uşağı Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları uşağı bölmə əməkdaşları tapıblar. Dərhal hadisə yerinə həkim briqadası çağırılıb və uşaq həkimlər tərəfindən təhvil götürülərək müayinə edilib. Müayinələrdən sonra uşaq 1 saylı Körpələr Evinə təhvil verilib.

Günay Məryəm / ATV.az


Bu xəbərləri də oxu

Klipdə banan yedi - həbs olundu - FOTOLAR

Miri Yusifin fiaskosu - tanınmış müğənni TOP15-i tərk etdi

Azərbaycan təmsilçisi gənclər arasında tamblinq üzrə dünya birincisi olub - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Demo-SOS

REDAKTORUN SEÇİMİ