12 Dekabr 2017
Çərşənbə axşamı

Kamança YUNESKO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi - FOTOLAR

07.12.2017 11:41

2017-ci ilin 4-9 dekabr tarixində Koreya Respublikasının Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyindən ATV.az-a verilən məlumata görə, YUNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylına dair qərar 7 dekabr tarixində elan edilib.

Qeyd etmək lazımdır ki, sözügedən nominasiya sənədi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin İran tərəfi ilə birgə əməkdaşlığı şəraitində təqdim edilib.

Azərbaycan Nümayəndə Heyəti adından çıxış edən ölkəmizin YUNESKO yanında Daimi Nümayəndəsi, səfir Anar Kərimov Kamança sənətinin Azərbaycan mədəniyyətində mərkəzi rollardan birini oynadığını qeyd edib. Bu sənət növünün ölkəmizin sərhədlərindən daha geniş çoğrafiyanın əhatə etdiyini yüzilliklər boyu nəsillərdən nəsilə ötürülən mədəni mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırıb və nominasiya faylının birgə verilməsində göstərilən dəstəyə görə İran tərəfinə minnətdarlığını bildirib. O, eyni zamanda Azərbaycan Hökuməti adından YUNESKO Qiymətləndirmə Orqanına və Komitəyə xalqımızın mədəni dəyəri olan bu sənət nümunəsinin dəstəklədiklərinə görə təşəkkürünü bildirib.

Komitə iclasında iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə qərarın nəticəsini şərh edərək bildirib ki, YUNESKO tərəfindən kamançanın həm ifaçılığının, həm də hazırlanmasının Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya qəbul edilməsi Azərbaycanda kreativ sənaye formalarından biri olan sənətkarlığın inkişafına, bu sənətlə məşğul olan insanların rifahına müsbət təsir göstərəcək. O həmçinin, bu faylın İranla birgə verilməsinin Azərbaycan dövlətinin mədəniyyətinin paylaşma ruhuna uyğun siyasətinin və beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa sadiqliyinin göstəricisi olduğunu qeyd edib.

YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan AR-nın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda Kamança hazırlanması və ifaçılıq sənətindən başqa Dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, Lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən – Qarabağ ənənəvi atüstü oyunu isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahsında yer alır.

NÜBAR NİYAZİQIZI//ATV.az


Bu xəbərləri də oxu

TOP15-də həftənin gözlənilməz qalibi - Aygün Kazımovanı arxa planda qoydu

Qunduzlar məhkəmədə fermerə qalib gəldi

Xurma - Cənnət meyvəsinin faydaları

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ