22 Noyabr 2017
Çərşənbə

O, debatda Hillari Klintonu belə üstələdi - Tramp ABŞ-ın prezidenti ola bilər

28.09.2016 15:46

ABŞ prezidentliyinə namizədlik uğrunda Demokratlar Partiyasından sabiq dövlət katibi Hillari Klinton ilə Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında çoxdandır keçirilməsi gözlənilən debat sentyabrın 26-da baş tutdu. Seçkiöncəsi keçirilən ilk debatda bir sıra mövzular qızğın müzakirə edildi.

CNN telekanalının məlumatına görə, seçkiqabağı müzakirələr ölkə tarixində reytinq baxımından rekord vurub. 

Müzakirələrin yayımlandığı 12 telekanalın ümumi auditoriya sayı 80,9 milyon nəfər təşkil edib ki, bu da ABŞ-da telemüzakirələrin yayımlanmağa başladığı 60 ildən çox müddət ərzində rekord olub. Təkcə "Youtube"də yayıma 2,5 milyon nəfər qoşulub.

“Debatda hamının gözlədiyi kimi, Demokratlar Partiyasının namizədi Hillari Klintonun müxtəlif mövzulara daha yaxşı hazırlıqlı olmasını və öz rəqibi üzərində üstünlüyü və əminliyini göstərdi”.

Bunu ATV.az-a açıqlamasında SAM eksperti Fuad Çıraqov bildirib.

Onun sözlərinə görə, 1 saat 30 dəqiqə çəkən debatın 1 saatından çoxu iqtisadi və daxili siyasət məsələlərinə əhatə edib:

“Ölkə seçiciləri üçün ən prioritet mövzu olan iqtisadi siyasət məsələsi keçirilən müzakirədə iki namizəd arasında daxili siyasət mövzusundakı ən fundamental və həlledici fərqi ortaya qoydu. Əslində bu mövzu Donald Trampın bütün qeyri-ciddi çıxışlarına və hərəkətlərinə baxmayaraq nə üçün populyarlıq qazanmasını izah edən məsələdir. Məhz bu mövzu üzrə Trampın Hillariyə qarşı hücumları daha effektiv alınır. Fikir verdinizsə, Hillari cavablarında çətinlik çəkirdi.

Belə ki, Trampın bu seçkilərdə uğurunun səbəblərindən biri onun iqtisadiyyata və beynəlxalq ticarətə neoliberal yanaşmanı tənqidi idi. Tramp bir tərəfdən proteksionist siyasət yeridilməsinə çağırır. Çünki, Çin kimi ölkələr özlərinin ucuz malları ilə ABŞ-da yerli istehsalı məhv etməklə, ölkədən kapitalı çıxarır. Digər tərəfdən ölkədəki, xüsusilə Obama dövründə artan sosial xərclər və böyük sosial yükə görə yüksək vergilər, bahalı işçi qüvvəsi investorları və kapitalı Meksika, Çin və istehsal üçün başqa daha əlverişli  yerlərə getməyə məcbur edir. Bu baxımdan Donald Tramp Bill Klintonu vaxtilə 90-cı illərdə NAFTA-nı imzalamaqla ölkə iqtisadiyyatına böyük zərbə vurmaqda ittiham etdi. Daha sonra isə Obama administrasiyasının Sakit Okean ölkələri hövzələri ilə ticarət blokunu nəzərdə tutan Trans Pacific Partnership (TPP) təşəbbüsünü Hillarinin dəstəkləməsini tənqid edərək, bu müqavilənin ABŞ iqtisadiyyatına daha da ağır zərbə vuracağını göstərdi.

Trampın bu ritorikası 1945-ci ildən indiyə qədər ABŞ-ın yeritdiyi xarici iqtisadi siyasətin fəlsəfəsinə və bu ölkənin başçılığı ilə qurulan beynəlxalq iqtisadi münasibətlər sisteminin əsaslarına tam ziddir. Belə ki, 1945-ci ildə sonra ABŞ beynəlxalq ticarətin və iqtisadi münasibətlərin qarşısında duran maneələri aradan qaldırmaq üçün davamlı siyasət və Bretton-Vuds (Bretton Woods system) sisteminə daxil olan Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Bank və Dünya Ticarət Təşkilatı kimi inistitutların əsas təşəbbüskarı olub. Uzun illər boyu üçüncü dünya ölkələrində bu inistitutlara qarşı neqativ rəyin yaranmasının səbəbi o idi ki, onlar yerli istehsalı və iqtisadiyyatı transmilli korparasiyaların rəqabəti qarşısında aciz qoyur və həmin ölkələrdə daha çox proteksionist siyasət populyar idi. Ancaq bu dəfə dünya rəqabəti qarşısında artıq ABŞ istehsalçıları və iqtisadiyyatı öz mövqelərini itirməyə başladığına görə, Tramp həmin qüvvələrin səsini əks etdirir. Hesab edirəm ki, Tramp prezident seçiləcəyi təqdirdə xarici siyasətində ən mühüm məqamlarından biri məhz bu olacaqdır. Əlbəttə, təhlilçilər daha çox Hillarinin seçilməsini proqnozlaşdırır, ancaq bir məqamı vurğulamaq lazımdır ki, Trampın səsləndirdiyi fikirlər və narahatlıqlar bu ölkənin daxili və xarici siyasətində ən mühüm faktorlardan biri kimi uzun müddət təsirini saxlayacaq”.

Xəyalə Məmmədova /ATV.az


Bu xəbərləri də oxu

Klipdə banan yedi - həbs olundu - FOTOLAR

Miri Yusifin fiaskosu - tanınmış müğənni TOP15-i tərk etdi

Azərbaycan təmsilçisi gənclər arasında tamblinq üzrə dünya birincisi olub - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ