22 Noyabr 2017
Çərşənbə

Beynəlxalq hüquqda Qarabağ problemi - Dünyada hüquq yoxdu?

02.09.2015 12:38

Dünyanın super gücü sayılan SSRİ dağıldıqdan sonra meydana yeni qaynar ocaqlar çıxdı. Bəziləri, məsələn Çeçenistan problemi həll olunsa da, digərləri olduğu kimi qalmaqdadır.

Əlbəttə, Rusiya nə qədər zəifləsə də, dünyada ən böyük nüvə dövlətidir, mövqeyindən istifadə edərək, öz daxili problemini həll etməyi bacardı.  Azərbaycan isə hələ də Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə qalmaqdadır. Ermənistan və onun varlı lobbisi ilə yanşı, dünya gücləri də Qarabağ probleminin kəskinləşməsində birbaşa rol oynadı. Bunun bir çox səbəbləri var. Əsas amillər sırasında Azərbaycanın strateji nəqliyyat marşutlarının qovuşağında yerləşməsi, zəngin yeraltı sərvətlərə sahib olması və digər tərəfdən, Şimali İran, Cənubi Rusiya ərazilərinə təsir imkanlarına malik olmasını göstərmək şərtdir. Azərbaycanın bir qüvvə olaraq yetişməsi, regionda cəngdə olan heç bir dövlətin marağında deyil. Bu səbəbdən də Azərbaycan əraziləri ilə bağlı BMT-nin məlum 4 qətnaməsi, Avropa Şurasının, ATƏT-in Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələrin mövcudluğuna baxmayaraq, bu qurumların heç biri Ermənistana təzyiq etmir. Hətta 90-ci illərdə ABŞ-ın Azərbaycana silah satışına veto qoyması, Rusiyanın Ermənistana bir milyard dollarlıq silah-sürsatı hədiyyə etməsi, İranın, blokadaya düşən Ermənistana nəfəslik missiyasını üzərinə götürməsi, qonşu ölkənin aqressiv işğalçılıq siyasətini yürütməsinə yardım etdi.

Son 20 ildə yürüdülən uğurlu xarici siyasət əksər ölkələrin Azərbaycana münasibətinin dəyişməsinə səbəb oldu. Azərbaycanın düzgün enerji siyasətini yürütməsi isə Ermənistan iqtisadiyyatına mənfi təsir göstərdi və işğalçılıq siyasəti indiki Ermənistanın, baş bəlasına çevrildi.

 

 Mövzu ilə bağlı ATV.az-a açıqlama verən beynəlxalq hüquq üzrə ekspert Nəcibə Mustafayeva bildirir ki, postsovet məkanında həll olunmamış münaqişələr regionun sülh və sabitliyinə ciddi təhlükə olaraq qalmaqdadır.  "Umumiyyətlə dünya birliyi tərəfindən artıq tanınan mövcud sərhədləri dəyişmək üçün hansısa cəhd böhrana, hətta növbəti dünya müharibəsinə gətirib çıxara bilər. Dünyanın yenidən bölüşdürülməsinin qarşısının alınması – bütün  bəşəriyyətin əsas vəzifəsidir. Buna nail olmaq üçün isə münaqişələrin həlli üçün onların hüquqi əsaslarına diqqət yetirilməli, beynəlxalq hüququn ümumi tanınmış norma və prinsiplərinə dünya dövlətləri tərəfindən hörmət  edilməsinin bərpası vacibdi. 20 ildən çox davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarda yaradılan qondarma “Dağlıq  Qarabağ Respublikası”nı heç bir dövlət və beynəlxalq təşkilat beynəlxalq hüququn nə subyekti (dövlət kimi), nə də Ermənistanın bir hissəsi kimi tanımır. Lakin dünyanın bu məsələ ilə bağlı birmənalı mövqe bildirməsinə  baxmayaraq, Ermənistanın bununla bağlı iddiaları bu gün də davam etməkdədir. Erməni tərəfinin mövqeyinin hüquqi baxımdan əsassızlığı özünü onda ifadə edir ki, qeyd edilən məsələdə dövlət beynəlxalq hüququn subyekti  olaraq bir sıra mühüm xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə suverenlik, ərazi və əhali aiddir. Ermənistan tərəfindən idarə olunan qondarma “Dağlıq Qarabağ Respublikası” suveren dövlət kimi tanına bilməz. Bundan başqa,  işğal olunmuş torpaqlarda yaşayan erməni əhalisi xalq yox, Azərbaycan ərazisində yaşayan milli azlıqdır. Bununla da rəsmi Yerevan tərəfindən ən çox spekulyasiya edilən xalqların öz müqəddəratını təyinetmə hüququ prinsipi  qeyd olunan münaqişəyə şamil oluna bilməz. Münaqişə yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində, torpaqların işğaldan azad olunması və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması ilə həllini tapa  bilər".

 N.Mustafayevanın sözlərinə görə, həmin müddəa münaqişə ilə bağlı qəbul olunan bütün beynəlxalq sənədlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan tərəfindən hələ da icra olunmayan 4  qətnamədə də qeyd olunur:

 "Bu qətnamələrin icra olunmaması faktı onu göstərir ki, həmin qətnamələri qəbul edən ölkələr və beynəlxalq təşkilatlar öz qərarlarına hörmət etmirlər. Ölkə başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, “BMT Təhlükəsizlik  Şurasının qətnamələri bir neçə saat olmasa da, bir neçə gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə var və onların heç biri yerinə  yetirilməyib”. Buna səbəb Ermənistanın üzərində kifayət qədər beynəlxalq təzyiqin olmamasıdır. Qərbin Ukraynanın ərazi bütövlüyü məsələsində dəstək olaraq, Krım və Donbasdakı separatçılara qarşı sanksiyalar tətbiq etdiyi  vaxtda, Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, Dağlıq Qarabağın separatçı rejiminə və işğalçı Ermənistana qarşı heç bir sanksiyaların tətbiq edilməməsi dünyada bu gün ən çox rastlaşdığımız ikili standartlar  siyasətinin bariz nümunəsidir. Paradoks hal isə ondan ibarətdir ki, 20 ildən çox nəticəsiz fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri işğalçı tərəfə dəstək göstərir. Belə ki, ABŞ tərəfindən Ermənistana və Dağlıq  Qarabağdaki separatçı rejimə maliyyə dəstəyi göstərilir. Bundan əlavə, tanınmamış “respublikanın” “rəsmiləri” Ermənistan pasportu ilə Qərb ölkələrində müxtəlif tədbirlərdə iştirak edirlər. Buna sübut – Dağlıq Qarabağdakı  qondarma rejimin rəhbəri Bako Saakyanın "Chatham House" - Kral Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən Böyük Britaniyaya dəvət olunması, ABŞ və Fransaya səfərlər və orada fəaliyyət göstərən diaspor təşkilatlardan maliyyə dəstəyin alınması faktlarıdır".

N.Mustafayeva onu da bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində nailiyyətə yalnız beynəlxalq təşkilatların fəaliyyətində ikili standartlardan imtina etməklə və beynəlxalq münaqişələrin siyasi-hüquqi qiymətləndirilməsinə ədalətlə yanaşmalı olan dünyanın əsas güclərinin siyasi iradə göstərməsi ilə nail olmaq olar: "Yalnız möhkəm beynəlxalq hüquqi özülə əsaslanan yanaşma beynəlxalq münasibətlərin hazırkı inkişaf mərhələsində qlobal davamlı inkişafın qarantı ola bilər".

Orxan Muxtarlı


Bu xəbərləri də oxu

Klipdə banan yedi - həbs olundu - FOTOLAR

Miri Yusifin fiaskosu - tanınmış müğənni TOP15-i tərk etdi

Azərbaycan təmsilçisi gənclər arasında tamblinq üzrə dünya birincisi olub - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Siyasət

REDAKTORUN SEÇİMİ